Yanvarın 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Respublikanın əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, rayon ağsaqqallar şurasının sədr müavini Ağalar Bayramovun #70 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunan yubiley mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Fazil Mustafa, Aqil Abbas, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, FHN Akademiyasının rəisi Baba Salayev, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, eləcə də Mədəniyyət və İncəsənət Universitetinin kollektivi, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər qonaqlar çıxış edərək yubilyarı təbrik edib, ən xoş arzularını çatdırıblar. Ürəklərə sevgi ahəngi bəxş edən sənəti və qəlbləri fəth etmiş əzəmətli səsi ilə dilimizin gözəlliyini və şirinliyini hər kəsə aşılayan Ağalar Bayramovun şəhid ailələrinin ağrı-acısına hər zaman şərik olması, onlara xüsusi ehtiram və hörmətlə yanaşması xüsusilə vurğulanıb. Qeyd olunub ki, ölməz şairlərimizin şeirləri onun ifasında yeni rəng çalarları qazanır. Milli şeirimizin, poeziyamızın və ədəbi qiraətin bütün sirlərini öz tələbələri ilə bölüşən Ağalar Bayramov sənəti bundan sonra da bir məktəb olacaqdır.
Tədbirdə Ağalar Bayramovun, eləcə də xalq artisti Gülyanaq Məmmədovanın, Mirələm Mirələmovun, Bahar Lətifqızının və digər sevilən ifaçıların təqdimatında bədii hissə tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb.