Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası zəngin və çoxcəhətlidir

Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası zəngin və çoxcəhətlidir
Fuad Rəhimov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən 
Görkəmli alim, Zərifə xanım Əliyeva 28 aprel 1923-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası”nın əsasını qoymuşdur.
Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq- alim, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca, yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Üümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm, onun parlaq xatirəsi daim anılaraq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.