Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür

Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür

Elburus Xəlilov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin sədri

Cari ilin iyul ayının 11-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini qeyd edərək bildirib ki, “Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Son illər ölkəmizdə iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib.

Bütün bunlarla bərabər, respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin önə çəkilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilib.

Hazırkı dövrdə əsas istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası, soydaşlarımızın qayıdışının təmin edilməsi və hərbi gücümüzün artırılmasıdır. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu təsdiq edir. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Mövcud olduğu regionun lideri, sarsılmaz daxili sabitlik, iqtisadi inkişaf dinamikası, qlobal enerji təhlükəsizliyinin təminatında artan rol, geosiyasi mövqeyinə görə beynəlxalq sferada getdikcə daha çox diqqət mərkəzinə çevrilən ölkə olması bu gün Azərbaycanı xarakterizə edən əsas cəhətlərdəndir. Ölkəyə rəhbərlik etdiyi 20 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bunu beynəlxalq reytinq təşkilatları da hesabatlarında qeyd edirlər. Azərbaycanın bölgənin lideri olması, tam müstəqil siyasət həyata keçirməsi, böyük güclərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi bu qüdrətin ayrı-ayrı tərəfləridir.