Mərkəzi Asiyanı Avropaya birləşdirən Azərbaycan
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Son zamanlar Azərbaycanın artan nüfuzu, regionda əsas gücə çevrilməsi inkişaf etmək istəyən, dünya iqtisadiyyatına inteqrasiyaya cəhd edən Mərkəzi Asiya dövlətlərinin də marağına səbəb olmuşdur. Məhz bu səbəbdən 2023-cü il 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Xatırlamaq yerinə düşər ki, bu ölkə başçımızın Tacikistana bu il ikinci səfəridir. Ortaq tarixi keçmişə malik iki dövlət arasında sürətli inkişaf edən hərtərəfli əlaqələr əməkdaşlığın yeni formatlarını üzə çıxarır.
Mərkəzi Asiya dövlətlərinin dövlət başçılarının tədbirində Azərbaycan Prezidentinin də iştirakı həm İlham Əliyevin şəxsi nüfuzundan, həm də Azərbaycanın önəmli coğrafi regionda yerləşməsindən xəbər verir.Məşvərət görüşündə çıxış edən İlham Əliyev Azərbaycan-Tacikistan, eləcə də Mərkəzi Asiya regionunun digər dövlətləri ilə sıx əməkdaşlığın dinamik inkişafını vurğulamış, mütəmadi görüşlərin otuz ildən artıq davam edən münasibətlərə effektiv təsirinidən danışmışdır. Həmçinin, iqtisadi əlaqələrin proritet təşkil etməsinə baxmayaraq region ölkələri ilə Azərbaycan arasında ortaq mədəni dəyərlərin mövcudluğu da əməkdaşlığın əsas amilidir. Bu da danılmaz faktdır ki, Azərbaycan və Mərkəzi Asiya dünya üçün strateji əhəmiyyət daşıyan vahid tarixi-coğrafi məkandır.
Qarşılıqlı və çoxtərfəli əlaqələrin ən bariz nümunəsi kimi Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin hədiyyəsi olaraq inşa edilmiş tam orta məktəbin istifadəyə verilməsini göstərmək olar.Prezident İlham Əliyevin çıxışından məlum oldu ki, iqtisadi əlaqələr,ticarət dövriyyəsi nəinki əvvəlki illərə hətta aylara nisbətən önəmli dərəcədə artmış, bu da qarşılıqlı sərmayənin də artacağına şərait yaratmışdır. Ələt Azad İqtisadi Zonası region ölkələrini daha da yaxınlaşdıran möhtəşəm layihədir.
Hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan tarixi İpək Yolunun bərpası çərçivəsində Avropa –Qafqaz –Asiya tranzit yollarının Azərbaycandan keçən hissəsinin Mərkəzi Asiya dövlətləri üçün daima açıq, əlverişli olacağına söz verən Prezident İlham Əliyev öz çıxışında söylədi: “Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.\Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.”
Görüşün sonunda İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili münasibətilə bu ilin noyabrında Bakıda təşkil olunacaq Sammitdə iştirak üşün Mərkəzi Asiya dövlət başçılarına göndərilmiş rəsmi dəvəti yenidən xatırladaraq onları Azərbaycanda qarşılamaqdan məmnun olacağını bildirdi. Bu gün Azərbaycan həyatının bütün sahələrində dünyaya sürətlə inteqrasiya edir və bütün bunlar düzgün daxili və xarici siyasətdən asılıdır.Bu siyasət Dahi Lider Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır.