Zəfərin mübarək, Azərbaycan

Zəfərin mübarək, Azərbaycan

Firəngiz Məlikbəyli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Vətənini sevən, millətinə, ölkəsinə aşiq bir vətəndaş kimi böyük qürur hissi keçirirək “Zəfər günü”müzə ithafən bu sətirləri yazıram. Günlərdir düsünürəm yaşadıqlarımızı, yaşayarkən daha öncə keçirmədiyimiz duyğuları, həyəcan və fəxarət hisslərini, dərin hüznlərimizi, itkilərimizi və qazandıqlarımızı. Yazarkən gözümün önündə canlanır 27 sentyabr  səhəri. Hər şeydən xəbərsiz hər kəsin bir birinə zəng etməsi, internetin olmaması, təlaş dolu söhbətlər, ailə üzvlərimizin gözlərindəki sual dolu baxışlar. Nəhayət cənab Prezident İlham Əliyevin xalqa müraciəti.  Müraciətdə haqq döyüşlərinin, torpaqlarımızın uğrunda gedən müharibənin başlanması, əsgər və zabitlərimizin şücaəti və daima irəli əks-hücum əməliyyatlarının xalqa çatdırılması var idi.

Prezident İlham Əliyevin gözlərindəki inam, güc və qorxmazlıqdan sonra içimizdə oyanan ümid, sevinc, qürür və qabaran, aşıb-daşan millət və torpaq sevgisi. Bir olduq, yumruq olduq, möhkəmləndik. Bütün dünya azərbaycanlılarının əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq birləşib nəhəngləşməsi, bütün dünyanı heyrətləndirən qəhrəmanlığı və milli qürurumuzun, milli mənliyimizin yüksəlib ərşə çıxması və tariximizi dünyada şahlandıran, bizi özümüzə qaytaran, torpaqlarımızı yenidən övladlarına qovuşduran 44 günün yaşanacağı günlərin başlanması.

44 günlük Vətən Müharibəsi dövründə 30 ilə yaxın Ermənistan Respublikasının işğalçı siyasəti nəticəsində bizdən qoparılmağa çalışılan torpaqlarımız azadlığına qovuşdu. Bu azadlıq ürəyi Vətən eşqi ilə döyünən  Azərbaycan övladlarının qanı-canı, sayıqlğı, döyüşkənliyi və  “Dəmir yumruq” əməliyyatının rəhbəri Ali baş Komandan sayəsində oldu. Bir gözümüz şəhidlərimizə, torpağa verdiyimiz cavan canlarımıza, onların ailələrinə ağlarkən, digər gözümüz işğaldan azad olunan torpaqlarımıza sevindi. Küçələrdə əllərində bayraqlar şəhid dəfninə toplaşan insanlar, həmvətənlilərimiz mübariz igidlərimizi son mənzilə yola salarkən həmin bayraqlarla zəfər sevincimizə “ Qarabağ Azərbaycandır ! “ şüarı ilə dayaq oldular. Gecələr yatmadılar, ön xəttə yardımlar, dəstək məktubları yolladılar. Hamı qulağımız səsdə cənab Prezidentin müraciətlərini gözlərkən hərbiçilərimizin hansı torpaqlarımızı bizə qaytardıqlarını intizarda dinləyirdik.

04 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu,17 oktyabr tarixində Füzuli şəhəri, 20 oktyrabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu isğaldan azad olundu. Xalq meydanlara, küçələrə axışdı, şəhid anaları göz yaşlarını silib “Vətən sağ olsun” dedilər, qazilərimiz xəstəxana pəncərələrindən gözyaşları ilə sevincimizə qoşuldular. Bayrağımız bir daha ucaldı, əsir torpaqlarımızın səmasında dalğalandı. Tariximizə şanlı səhifələr yazıldı və bu hələ son deyildi. Bizi qarşıda bütöv Qarabağ gözləyirdi. 8 noyabrda Prezident İlham Əliyevin “Sən azadsan,əziz Şüşa” deməsi sevincimizi göylərə qaldırdı. Azərbaycanın siyasi tarixində ən əhəmiyyətli yerə sahib, hakimiyyətə gəldiyi gündən nizami ordu quran, yeni nəsil hərbiçilərin yetişməyində mühüm rol oynayan, “biz torpaqlarımıza mütləq qayıdacağıq deyən və Şuşa şəhərinin yenidən Azərbaycanın döyünən ürəyi olmasını istəyən Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinin həyata keçməsi, hərbiçilərimizin ən mühüm mövgeləri tutması, qayaları aşaraq, yalın əllə erməni hərbi heyətini məhv etməsi və Şuşa şəhərinin işğaldan azad etməsi ölkəmizdə misli görünməmiş sevinc yaşatdı.

Böyük Zəfərə günlər qalırdı. Nəhayət 10 noyabr gecəsi Prezident İlham Əliyev, Rusiya Federasiyasının prezidenti  Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.  Çətin günlər bitdi və biz böyük Zəfərin təmtərağını yaşamağa, qalibiyyəti dərindən duymağa, fəxrimizi bütün dünyaya çatdırmağa başladıq. Prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan həm ər meydanında, həm də siyasi arenada ucaldıqca ucaldı.

Qalibiyyətin davamı kimi sülh danışıqları aparıldı. Möhtərəm Prezidentimizin siyasi səyləri nəticəsində Azərbaycan yüksək tiribunalardan sözünü dedi və Qarabağ münaqişəsinin birdəfəlik bitdiyi bütün dünyaya elan olundu. Davamlı rəsmi və işgüzar səfərlər, dünya liderləri ilə görüşlər, bəyanatlar, milli maraqların qorunması sayəsində ciddi addımlar atıldı, bayrağımız beynəlxalq görüşlərdə ön sıralarda dalğalandı. Bitməyən Azərbaycan yüksəlişi və Böyük Qayıdışın başlanması yeni dövr Azərbaycan tarixinin gələcək üçün atılan mühüm addımları oldu.

Budur,artıq biz tarixin qəhrəman milləti, qalib ölkəsi, siyasətdə və hərbdə dünyaya meydan oxumuş, milli qüruru, qeyrəti, şəhidlərimiz,qazilərimiz, əsgər və zabitlərimiz hesabına göylərə ucalmış millətik. Biz təqvimində “ZƏFƏR GÜNÜ” olan xalqıq. Biz varıq, güclüyük, qəhrəmanıq, bütöv bir canıq, Azərbaycanıq !