Zəfər Günü bizi həm qürurlandırır, həm də məsuliyyətimizi artırır
Ramilə Quliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Bəşər tarixində elə günlər var ki, əsrlər keçsə də, o günlərin işığı sönmür, əksinə, nəsillər keçdikcə daha da parlayır. 8 Noyabr – Zəfər Günü də Azərbaycan xalqının tarixində elə bir gündür. Bu gün təkcə qələbənin deyil, həm də birliyin, mərdliyin, vətən sevgisinin simvoludur. Əsrlər keçəcək, amma bu günün işığı heç vaxt sönməyəcək və bu xalqın övladlarının yoluna əbədi bir azadlıq məşəli kimi nur saçacaq.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqımıza inam və qətiyyət aşılayan “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” şüarı bütün xalqı birləşdirən, qələbəyə aparan düşüncənin mükəmməl ifadəsi idi.Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında idi. Bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdu. Lakin bu dövrdə dövlətimizin siyasəti bir amal ətrafında birləşmişdi – torpaqlarımızı azad etmək.
2020-ci ilin payızında Azərbaycan Ordusu, xalqın birliyi və Prezidentinin rəhbərliyi ilə tarixi bir yürüşə başladı. Hər qarış torpaq uğrunda döyüşən əsgərlərimiz qanları ilə tarix yazdılar. Şuşanın azad edilməsi ilə bu tarix Zəfər dastanına çevrildi. 8 Noyabrda Azərbaycanın üçrəngli bayrağı Şuşada ucaldıqda təkcə bir şəhər deyil, bütün bir millət azad oldu. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir... biz torpaqlarımızı azad etdik, düşməni torpağımızdan qovduq və buna nail olduq”.
Bu gün artıq Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Prezident İlham Əliyev bu barədə deyir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Xalqımızın tarixinə əlamətdar bir gün -Dövlət Suverenliyi Günü şərəflə yazıldı.
İllər ərzində büdcədə hərbi xərclərin artırılması, milli müdafiə sənayesinin qurulması, Silahlı Qüvvələrin gücləndirilməsi Azərbaycanın gələcək qələbəsinin təməlini qoydu. Bu təkcə hərbi deyil, həm də mənəvi zəfər idi. “Dəmir yumruq” birliyi və gücü təcəssüm etdirən rəmzə çevrildi. “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Qələbədən sonra Azərbaycanın qarşısında yeni və şərəfli mərhələ – quruculuq missiyası başladı. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları, infrastruktur layihələri, DOST xidməti bu torpaqlara qayğı və inkişaf gətirir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək,” – deyə Dövlət Başçısı bildirib.
Bakıda yaradılan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdıracaq müqəddəs məkandır. Bu abidələr, həmçinin Zəfər Günü münasibətilə elan edilən amnistiya və Dövlət Suverenliyi Gününün təsis edilməsi Qələbənin dövlətçilik ənənələrindəki əks-sədasıdır.
Bu gün azad Qarabağda dalğalanan bayrağımıza baxdıqca biz təkcə bir zəfəri deyil, həm də yenidən doğulan bir xalqı görürük. Zəfər Günü bizi həm qürurlandırır, həm də məsuliyyətimizi artırır, çünki bu qələbəni qorumaq, Qarabağı bərpa etmək, gələcək nəsillərə azad və güclü Azərbaycan miras qoymaq bizim borcumuzdur.
Zəfərin mübarək , Azərbaycan! Ocağının işığı daim olsun, Odlar yurdu- Od torpağı!