Yurdumuzun qeyrət qalası- Laçın

Yurdumuzun qeyrət qalası- Laçın

Fərqanə Sadıqova

YAP Suraxanı rayon təşkilatının  fəal üzvü

Suraxannı rayonu, 273 saylı Uşaq bağçası-körpələr evinin tərbiyəçi müəllimi

Azərbaycanın işğaldan azad edilmiş qədim torpaqları bu gün regional inkişafın, iqtisadi dirçəlişin və böyük qayıdışın simvoluna çevrilir. Otuz il boyu vətən həsrəti ilə yaşayan laçınlılar bu gün öz doğma yurdlarında başıuca, rahat və xoşbəxt şəkildə ömür sürürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilən torpaqlarımız sürətlə cənnətə çevrilir. Bu gün müasir siması ilə göz oxşayan Laçın şəhəri Azərbaycanın əldə etdiyi tarixi uğurların vizual sübutudur.

"Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində həyata keçirilən kompleks bərpa və quruculuq tədbirləri Laçında həyatı yenidən öz axarına qaytarır. Proqramın icrası planlı şəkildə davam edir və artıq 2026-cı ilin iyul ayına qədər rayonun müxtəlif nöqtələrində yüzlərlə ailənin daimi məskunlaşması təmin edilib:

Laçın şəhəri: 614 ailə (2264 nəfər)

Zabux kəndi: 217 ailə (823 nəfər)

Bəylik kəndi: 89 ailə (363 nəfər)

Sus kəndi: 59 ailə (215 nəfər)

Sakinlərin rifahının yaxşılaşdırılması məqsədilə rayonda müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə və mədəniyyət obyektləri ucaldılır.

Laçında quruculuq işləri təkcə evlərin tikilməsi ilə bitmir, həm də daxili iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. Sakinlərin daimi iş yerləri ilə təmin olunması üçün böyük layihələr işə düşüb. "Həkəri Balıq Təsərrüfatı", yeni fəaliyyətə başlayan tikiş və ayaqqabı fabrikləri, eləcə də müasir sənaye müəssisələri bunun ən bariz nümunəsidir.

Bundan əlavə, regionun zəngin təbiəti heyvandarlığın inkişafı üçün geniş üfüqlər açır. Artıq yüzlərlə yerli arıçı Laçın yaylaqlarında öz təsərrüfatını quraraq bol məhsul götürməyə başlayıb. Bu iqtisadi canlanma bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun ümumi inkişafına və sərhəd təhlükəsizliyimizin möhkəmlənməsinə birbaşa təsir göstərir.

Yurdumuzun qeyrət qalası olan Laçın həm də qlobal müstəvidə tarixi siyasi hadisələrin mərkəzinə çevrilmişdir. 2025-ci ilin 28 May – Müstəqillik Günündə məhz Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin tarixi Zirvə görüşü baş tutdu. Müstəqillik Gününün qardaş ölkələrin rəhbərləri ilə birlikdə Laçında qeyd edilməsi təsadüfi deyil, Laçının mütləq azadlığının rəmzi idi.

44 günlük Vətən müharibəsində hər zaman Azərbaycanın yanında olan Türkiyə və Pakistan bu mühüm görüşlə bütün dünyaya strateji ortaq, mədəni qardaş və sarsılmaz siyasi müttəfiq olduqlarını bir daha nümayiş etdirdilər. Bu güclü dostluq regionda daimi sülhün və tərəqqinin ən böyük təminatıdır.

Bu gün Laçın öz tarixinin ən parlaq dövrünü yaşayır. Doğma torpaqlarına qovuşan rayon sakinləri hər il 26 avqust - Laçın şəhəri gününü sonsuz sevinc, qürur və böyük coşğu ilə qeyd edirlər. Azad Laçın artıq keçmişin nisgilini geridə qoyaraq, gələcəyə doğru əmin addımlarla irəliləyir.

Paylaş