Yeni qanun siyasi partiyaların, onların üzvlərinin tələblərinə cavab verir və rəfahlarını yüksəltməyə hesablanıb
Şəbnəm Rzayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Qeydiyyat şöbəsinin müdiri
16 dekabr 2022-ci il tarixində siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliyə gedilib. Yenilənmiş bəndlərə əsasən bu sahə ilə bağlı olan qanunvericilik inkişaf edib və genişləndirilib. Xatırladım ki, Milli Məclis tərəfindən 21 noyabr 2022-ci il tarixində səs verməyə çıxarılan yeni qanun lahiyəsi həmin ilin 26 iyul tarixindən hazırlanmağa başlanmışdır. Milli Məclis dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət etmişdi. Bu da 50-ə yaxın siyasi partiyanin 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etməsi ilə nəticələnmişdi. Əslində bu çox bariz nümunədir ki, bu qədər dəyişikliyə gedilən və dəstəklənən siyasi partiyalar haqqında yenilənmiş nizamnamə çox mühim əhəmiyyət daşıyır.
Nəzərinizə çatdırım ki, siyasi partiyalarla bağlı qanunların yenilənməsi və ya dəyişiklik yarandığı gündən bəri sadəcə bir dəfə olmuşdu. 20 aprel 2012-ci il tarixli yeniləmədə Prezident İlham Əliyevin qərarıyla əlaqəli bəndlərdə 1995-ci il tarixli ilkin formatından fərqləndirən bir sıra dəyişikliklər edilmişdir. İndi isə o qərarın qəbulundan 10 ildən uzun bir müddət ötür. Azərbaycan kimi sürətli inkişaf edən ölkələrdə 10 illiklər böyük əhəmiyyət kəsb edir. Deyə bilərik ki, 10 illik müddətə baxanda Azərbaycan dünyada 3 fərqli 10 illikdə, 3 fərqli formada olan yeganə dövlətdir. 90-cı illər çətinliklər, 2000-ci illəri isə çiçəklənmə dövrü kimi göstərə bilərik. Belə sürətli inkişaf edən cəmiyyətlərdə və dövlətlərdə təbii ki, belə yenilikci qanun dəyişikliklərinə getmək son dərəcə normaldır. Hətta tələbatdır. 110 düzəliş edilən bu yeni qanun tamamilə siyasi partiyaların və onların üzvlərinin tələblərinə cavab verir və rəfahlarını yüksəltməyə hesablanıb.
Təqdim olunmuş məlumatlardan da məlum olur ki, siyasi partiyalarla bağlı qanunlar 2000-2012 ci il arasında Azərbaycanda olan siyasi, iqtisadi vəziyyətə əsasən hazırlanmışdı və bunu nəticəsi olaraq 2012-ci ildə dəyişikliyə gedilmişdi. Buda o deməkdir ki, 10 il əvvəlki bu dəyişiklikdə ölkəmizdə bu qədər sürətli inkişaf gözlənilmirdi. Ama nəticədə inkişaf edən respublikamızda təbii ki, qanunlarda da yenilənməyə tələb yarandı. Bu qanun dəyişikliyi zamanı əsas nəzərdə tutulan şeylər boşluqların doldurulması, daha açıqlayıcı və geniş bəndlərin olması, eyni zamanda çətinliklərində ortadan götürülməsi idi.
Yenilənmiş qanunlara baxdıqda görünür ki böyük dəyişikliklər siyasi partiyaların maliyyə məsələlərinə də toxunub. Əlaqəli bəndlərə nəzər yetirdikdə siyasi partiyalara olunan ianələrin daha açıqlayıcı olaraq əks edildiyi, ianə edən şəxslər haqqında qeyd edilən xüsusi hallarda məlumat verilməsinin tələb edildiyini, eyni zamanda artıq siyasi partiyaların hesabatlarını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tələb etdiyi formatda təqdim olunmasını görürük. Maliyyə ilə bağlı bu hissələr açıq-aydın göstərir ki, hər hansı siyasi partiyaya heç bir korrupsiya şansı verilmir. Dövlət xəzinəsindən ayrılan pullar yalnız doğru yerlərə xərclənməlidir.
Nəticədə deyə bilərik ki, bu yeniləmə özündə bir çox fərqliliyi də gətirdi. Nümunə olaraq 6.1-ci maddədə olan “Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.” qaydasını misal göstərə bilərik. Öncəki qanunda bu say 1000 nəfər idi. Burdan görürük ki, sosial bazası olmayan heç bir siyasi partiya dövlət qeydiyyatına alınmayacaq. Öncəki qanundan daha bir vacib dəyişiklik isə odur ki, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi müddəası qanun layihəsinin yeni redaktəsində yoxdur. Bu da, əslində siyasi partiyalara özünü inkişaf və siyasətin gücləndirilməsi zamanını və şansının verilməsi deməkdir.