Ənənəvi səhər yeməyi masası arxasında gənclərlə görüş olmuşdur

Ənənəvi səhər yeməyi masası arxasında  gənclərlə görüş olmuşdur

23.07.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında pandemiyayla əlaqədar verilmiş uzunmüddətli fasilədən sonra səhər yeməyi masası arxasında gənclərlə görüşlərə start verilmişdir. Görüşdə YAP-a üzv olmaq istəyən gənclərlə yanaşı, artıq bir müddət YAP Suraxanı rayon təşkilatında fəaliyyət göstərən gənc üzvlər də iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öncə dəyirmi masa ətrafında gənclərlə görüşərək tanış olmuş, partiyaya üzv olmaq istəyən yeni gənclər yerli təşkilatın sədrinə təqdim olunmuşlar. Daha sonra rayon təşkilatı tərəfindən hazırlanmış səhər yeməyi masası ətrafında gənclərlə səmimi görüş keçirilmişdir. Gənclərlə görüşdə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Suraxanı rayon sakinləri əsgər Qasımlı Muxtarın atası Əli Qasımov, əsgər Qəhrəmanov Orxanın anası Arzu Qəhrəmanova, əsgər Kazımlı Mürsəlin valideynləri Kamil və Lalə Kazımovlar da iştirak etmişlər.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri salamlayaraq bildirmişdir ki,  təşkilatımız bütün Suraxanı rayon gənclərinin doğma evidir. O demişdir ki, yerli təşkilata üzv olan gənclərlə ənənəvi çay süfrəsi ətrafında söhbətlər vaxtaşırı təşkil olunmaqdadır. Lakin pandemiyayla əlaqədar belə görüşlərə uzunmüddətli fasilə verilmişdir. İndi isə rayon təşkilatında təmsil olunan müxtəlif qruplarla, o cümlədən gənclərlə görüşlərə yenidən start verilmişdir. Vüqar Seyidov onu da qeyd etmişdir ki, bu gün şəhid Kazımlı Mürsəl Kamil oğlunun mövlud günüdür.  Qəhrəman şəhidlərimizin əziz ruhlarını dərin hörmətlə yad edən rayon təşkilatının sədri gənclərin vətənpərvər ruhda böyüməsi, asudə vaxtlarının səmərəli təşkili, pis vərdişlərdən uzaq durmaları üçün Yeni Azərbaycan Partiyasının silsilə layihələri olduğunu vurğulamışdır. Müzəffər Ali Baş Komandan, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin gənclərlə bağlı olan tapşırıq və tövsiyyələrinin rayon təşkilatı tərəfindən uğurla yerinə yetirildiyini bildirən yerli təşkilatın sədri gənclərə gələcək ictimai-siyasi fəaliyyətlərində nəaliyyətlər arzulamışdır.

Şəhid əsgər Kazımlı Mürsəlin atası Kamil Kazımov da çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Kamil Kazımov YAP Suraxanı rayon təşkilatının cənab Prezidentin tapşırıq və tövsiyyələrini qətiyyətlə yerinə yetirdiyini ifadə etmişdir. Yeni üzv olan gənclərə uğurlar arzulayan şəhid atası vətənpərvər olmağı, şəhidləri, qaziləri unutmamağı tövsiyyə etmişdir.

Şəhid əsgər Qasımlı Muxtarın atası Əli Qasımov da gəncləri salamlayaraq bildirmişdir ki, YAP-a üzv olmaq hər bir Azərbaycan vətəndaşı üçün qürurdur. Özünün də YAP üzvü olduğunu vurğulayan Əli Qasımov milli ruhda tərbiyə olunan gənclərin gələcəyimizi formalaşdıracağını qeyd etmişdir.

Daha sonra gənclərə YAP Suraxanı rayon təşkilatının aparatının əməkdaşları tərəfindən partiyanın gənclərlə bağlı həyata keçirdiyi məqsədyönlü işlər haqqında geniş məlumat verilmişdir.