Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru
Aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı- Zəfər Qurultayının keçirilməsi mühüm tarixi missiyanın həyata keçməsinin məntiqi davamı olaraq qiymətləndirilməlidir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların ortaq diləyi olan Qarabağın işğaldan azad olunması gerçəkləşdikdən sonra növbəti yığıncağın Şuşada təşkil olunması gözlənilən idi. 30 ilə yaxın müddətdə doğma torpaqlardan uzaq düşmüş yurddaşlarımızın böyük bir əzm və iradə ehtiva edən mübarizənin nəticəsi olan Zəfər Qurultayında iştirakı həm də birliyimizin növbəti göstəricisi idi. Vətən müharibəsi dövründə bir hədəfə köklənmiş fəaliyyətimiz bizə möhtəşəm qələbə bəxş etdi. Məhz elə həmin 44 gün ərzində biz bir yumruğa çevrilməyin dəyərini anladıq. Ürəyi Vətən eşqi ilə döyünən hər bir Azərbaycanlı o çətin və məsuliyyətli günlərdə öz şərəf borcunu yerinə yetirmək üçün əlindən gələni əsirgəmədi. Elə bu səbəbdən də Ermənistanın işğalçılıq siyasətini, qeyri-insani davranışlarını bütün dünyaya lazımi şəkildə çatdırmaq mümkün oldu.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çalışan yurddaşlarımız Minsk qrupunun 30 ildə həll edə bilmədiyi məsələnin 44 gün ərzində çözülməsində müstəsna rol oynadılar. 2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktına imza atması bir daha sübut etdi ki, işğalçılıq siyasəti yürüdən heç bir dövlət ədalətin təntənəsindən yayına bilməz. Azərbaycan da qəhrəman övladları sayəsində öz tarixi torpaqlarını işğaldan xilas etməklə bunu bir daha nümayiş etdirdi. Qarabağ ərazisinə XIX əsrdən başlayaraq köçürülən ermənilərin bu torpaqları özününküləşdirmək arzusu isə kütləvi insan tələfatı ilə nəticələnən tarixi ləkədən başqa bir şey deyil. Düşmən tapdağından azad olunan şəhərlərimizin, kəndlərimizin viran olmuş vəziyyəti erməni tərəfinin dağıdıcı mövqeyini bir daha ortaya qoymaqla onların məqsədinin müasir dünyanın çağdaş humanizmi ilə qətiyyən səsləşmədiyini ifadə edir. Azərbaycan dövləti isə Vətən Müharibəsi dövründə olduğu kimi bu gün də xalq-iqtidar birliyini qoruyaraq öz əzəli vətənini inkişaf etdirmək üçün səylərini əsirgəmir. Vətən Müharibəsindən sonrakı dövrdə sözügedən ərazilərdə aparılan quruculuq işləri bunun sübutudur. Sülhsevər və inkişafyönümlü siyasət aparan dövlətimiz bu gün də Ermənistana regionun inkişafında pay almaq imkanı yaradan təkliflərlə çıxış edir. Lakin bu imkandan yararlana bilmək yalnız Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi və kapitulyasiya aktının bəndlərinə əməl etməsi şəraitində baş verə bilər.
Ölkə başçısının Dünya Azərbycanlılarının V Qurultayındakı çıxışı bütün sadalanan həqiqətləri tam mənası ilə ifadə etməklə bundan sonrakı dövr ərzində həm Azərbaycan höküməti həm də dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklər, diaspor təşkilatları və fəallar üçün fəaliyyət istiqamətini müəyyən etdi. Azərbaycan gerçəkliklərinin zamanında və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulandı. Dünya azərbaycanlılarının əzəli və əbədi vətəni olan yurdumuzun bundan sonrakı inkişafı hər birimiz üçün ən vacib məqamlardan biri olaraq qalmalıdır. Bizi birləşdirən dəyərlər heç bir zaman öz aktuallığını itirməməlidir. Ana dilimiz vahidliyimizin göstəricisi kimi daim inkişaf etdirilməli və aramızdakı ünsiyyəti təmin etməlidir. Yalnız bu halda böyük qurbanlar bahasına əldə etdiyimiz şanlı Zəfər öz məntiqi məqsədini ifadə etməklə postmünaqişə reallıqlarını hər kəsə qəbul etdirə bilər. Zəfər Qurultayında qalib dövlətin başçısı kimi qürurla çıxış edən prezident İlham Əliyev Azərbaycanın qətiyyətini bir daha ifadə etməklə vacib mesajları lazımi ünvanlara çatdırdı. Dövlətçiliyimizin sarsılmaz iradəsi bir daha bütün dünyaya nümayiş olundu.