Tarixi Brüssel görüşünün də qalibi Müzəffər Ali Baş Komandandır

Tarixi Brüssel görüşünün  də qalibi Müzəffər Ali Baş Komandandır

Rahilə Ağcayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 226 nömrəli məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Prezident və Ali Baş Komandan kimi o, bu uğurları böyük güclərin “Qordi düyünü”nə çevirdiyi Qarabağ problemini Böyük Zəfərlə yekunlaşdırmaqla, həmçinin balanslaşdırılmış xarici siyasəti ilə dəfələrlə təkrarlamışdır. Dünya miqyaslı xarici siyasəti ilə bərabər müharibədən sonra  işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin geniş vüsət alması da öz növbəsində dünya ictimaiyyətini və Avropa dövlətlərini heyrətə salıb.

Müharibədə qüvvələrin real qarşıdurmasından sonra Ermənistanın siyasi və hərbi rəhbərliyi artıq dərk etməyə başlayıb ki, bundan sonra Azərbaycanın qarşısında tab gətirə bilməyəcək. Ölkəmiz getdikcə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən qüvvətlənir. Ona görə də Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafının nəticəsi kimi tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Bu səfər zamanı isə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra isə Ermənistan baş naziri ilə ikitərəfli görüş keçirdi. Bu görüşdə həllini gözləyən iki mühüm məsələ ilə bağlı razılaşma əldə olundu: birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün eks­pert qrupunun yaradılması ilə bağlı razılaşma. İkincisi, isə Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunika­siya dəhlizlərinin açılması. Bu məsələ Ermənistanın öhdəliyi kimi bir daha təsdiqləndi.

Ümumiyyətlə, Brüssel görüşü mühüm addım kimi qiymətləndirilməlidir. De­kabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Pre­zident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçiril­miş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda da bu məsələyə toxundu. Şarl Mişel bildirdi ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Avropa İttifaqı Şurası prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə, sərhədlərin demar­kasiyası və delimitasiyası məsələsində Avropa İttifaqı tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vur­ğulanıb.

Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bəhs olunan sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Hətta demək olar ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri Ermənistan rəhbərliyi tərəfindən də qəbul edildi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

Şarl Mişelin görüşdən sonra yaydığı bəyanatla aydın oldu ki, Ermənistan və Azərbaycan arasında münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Təkcə bu fakt onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, Azərbaycan qalibdir və dünya, o cümlədən Avropa İttifaqı ölkələri bölgənin taleyi ilə bağlı qərarlar qəbul edərkən bundan sonra 44 günlük savaşın nəticələrini nəzərə almaq məcburiyyətindədir.