Bələdiyyə Fəaliyyətində Dövlət Rəmzlərinə Hörmət – Bayraq və Vətəndaş Məsuliyyəti
Seymur Rəsulov
Yerli özünüidarəetmə orqanı kimi, bələdiyyələrin əsas vəzifələrindən biri dövlət siyasətini yerlərdə effektiv şəkildə həyata keçirməklə yanaşı, vətəndaşların milli-mənəvi dəyərlərə sadiqliyini təmin etməkdir. Dövlət Bayrağı bu dəyərlərin ən uca rəmzidir və ona hörmət hər bir vətəndaşın ali borcudur.
Bələdiyyəmiz qəsəbəmizin görünüşü, abadlığı və ictimai işlərində mühüm rol oynayır. Bizim fəaliyyətimizdə Dövlət Bayrağına hörmət göstərilməsi bir neçə təməl vəzifəni ehtiva edir.
Birincisi, vacib ictimai yerlərdə Dövlət Bayrağının “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanuna uyğun olaraq ucaldılmasını təmin etməkdir. İkincisi, biz vətəndaşlar arasında Dövlət Bayrağının istifadəsi qaydaları haqqında maarifləndirmə işi aparırıq, bayrağa hörmətin dövlətçiliyə hörmət olduğunu çatdırırıq. Üçüncüsü, Ulu Öndər Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin” kimi dərin mənalı çağırışını qəsəbə səviyyəsində təbliğ edirik. Bizim hədəfimiz budur ki, bayraq təkcə rəsmi yerlərdə deyil, hər bir ailənin həyatının əziz bir hissəsinə çevrilsin.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, xüsusilə mədəni irsin qorunması və bərpası sahəsindəki fəaliyyət milli-mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir. Bu fəaliyyətlər dolayısı ilə bayrağın simvolizə etdiyi milli ruhu və həmrəyliyi dəstəkləyir. Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və sosial proqramları vasitəsilə milli ruhun aşılanması milli həmrəyliyin təmin olunmasında, cəmiyyətdə fərqli sosial təbəqələri vahid məfkurə ətrafında birləşdirməkdə mühüm rol oynayır. Mehriban xanım Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!” istəyi, yerli idarəetmədə milli dəyərlərə sadiqliyin güclü təzahürüdür.
Qəsəbə sakinləri olaraq, biz Vətən müharibəsində qazanılmış tarixi Zəfərin dərin mənasını qəlbimizdə yaşadırıq. Prezident cənab İlham Əliyev haqlı olaraq qeyd edib: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dö4vlətçilik rəmzlərindən birinə çevrilib”. Bayrağın işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanması hər bir yerli icra orqanı üçün Vətənin hər qarışına sahib çıxmaq və dövlətçilik prinsiplərini qorumaq öhdəliyini bir daha xatırladır.
Biz bələdiyyə olaraq, rayon (qəsəbə) tədbirlərində, abadlıq layihələrində və ictimai məkanların tərtibatında bayrağımızın ucalığını təmin edir, bu qalibiyyət rəmzini gələcək nəsillərə layiqincə ötürməyi borcumuz bilirik.
Bələdiyyə fəaliyyəti yerli idarəetmənin təməlidir. Bizim qəsəbə sakinlərini bayraq ətrafında birləşdirməyimiz, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyin ən yüksək nümunəsidir. Ulu Öndərin dediyi kimi: “Kim Azərbaycanı sevirsə... o, bu bayraq altında birləşməlidir”. Biz bu bayrağın qəsəbəmizdə daimi olaraq ucalmasını, hər bir evdə sevgi ilə qarşılanmasını təmin etməklə milli həmrəyliyə və “azərbaycançılıq” məfkurəsinə öz töhfəmizi veririk. Bu, həm də dövlətin gücünün və xalqın vətənə sədaqətinin yerlərdə aydın nümayişidir.