Yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə zəmin yaratdı

Yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə zəmin yaratdı
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru
Mürəkkəb geosiyasi münasibətlərin formalaşdığı çağdaş dünyamızda dost ölkələrin qarşılıqlı çox şaxəli əməkdaşlığının əhəmiyyəti getdikcə artmaqdadır. Bu məsələdə Azərbaycan həmişə müsbət addımlar atmış, xoşməramlı fəaliyyəti ilə güvənli və sadiq tərəfdaş olduğunu nümayiş etdirmişdi. XX əsrin sonlarında böyük qurbanlar hesabına azadlığını bərpa edən dövlətimiz mənfur qonşumuzun havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi nəticəsində ərazi bütövlüyümüz, eyni zamanda, suveren hüququmuz pozulmuşdu. Təəssüflər olsun ki, 30 ilə yaxın bir zamanda beynəxalq arenada sülh yolu həll yolu axtarsaq da heç bir nəticə əldə edə bilmədik. Ancaq Prezident cənab İlham Əliyevin hər çıxışında vurğuladığı kimi desək Azərbaycan xalqı mövcud vəziyyətlə barışmayacaq, lazım olarsa, hərbi yolla ərazi bütövlüyünü bərpa edacək.
Bəli, cənab Ali Baş Komandan İlham Əliyevin düzgün strateji fəaliyyəti nəticəsində 44 günlük müharibənin sonunda tarixi zəfər qazanıldı. Müharibə dövründə Türkiyənin verdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildi. Regionda stabilliyin qalıcılığını təmin etmək üçün 2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında tarixə düşən bir sənəd imzalandı – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”. Bu bəyannamə yalnız iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçməsini deyil, həm də bölgənin gələcək siyasi, iqtisadi və hərbi arxitekturasına mühüm təsir edən strateji sənəd oldu. Sənədi bir çox konteksdə dəyərləndirmək olar. Bunların da hər biri böyük əhəmiyyət daşıyır.
44 günlük Vətən Müharibəsi (27 sentyabr – 10 noyabr 2020-ci il) nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu qələbədən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə zəmin yaratdı. Müharibə dövründə Türkiyənin verdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildi. Bu səbəbdən, Şuşa Bəyannaməsi yalnız bir diplomatik sənəd deyil, həm də qardaşlıq münasibətlərinin rəsmi təntənəsidir. Bəyannamədə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tanıyır və bu prinsiplərin beynəlxalq səviyyədə müdafiə olunmasında bir-birinə dəstək verməyə razılaşırlar. Bu, xüsusilə Ermənistanla bağlı məsələlərdə Azərbaycanın haqlı mövqeyinin Türkiyə tərəfindən davamlı dəstəklənəcəyini təsdiqləyir.
Şuşa Bəyannaməsində ən diqqətçəkən maddələrdən biri də hərbi əməkdaşlıqla bağlıdır. Sənəddə qeyd olunur ki, ölkələr biri digərinə qarşı təhdid və ya hücum halında qarşılıqlı dəstək göstərəcək. Bu, NATO prinsiplərinə uyğun olaraq hərbi müttəfiqlik səviyyəsinə keçidi göstərir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması kimi mühüm regional layihələrə dəstək ifadə olunur. Bu, həm Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin edəcək, həm də Türkiyədən Orta Asiyaya qədər uzanan iqtisadi koridorun açılmasına imkan yaradacaq. Azərbaycan və Türkiyə arasında təhsil, elm, mədəniyyət, gənclər siyasəti və diaspor sahələrində əməkdaşlığın genişləndirilməsi bəyannamənin əsas istiqamətlərindəndir. Ortaq tarix və mədəni dəyərlərin təbliği, ortaq media layihələri və təhsil mübadilələri bəyannamədə öz əksini tapır.
Bəyannamənin məhz Şuşada imzalanması xüsusi simvolik məna daşıyır. Şuşa həm Azərbaycanın Qarabağda ən önəmli şəhərlərindən biridir, həm də türk dünyasında mədəniyyətin, musiqinin və müqavimətin rəmzidir. Türkiyə Prezidentinin Şuşaya səfəri və sənədin burada imzalanması, bu şəhərin Türk dünyasında oynadığı rolu bir daha vurğulamış oldu. Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərini yeni mərhələyə – strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd təkcə ikitərəfli münasibətlərin yox, eyni zamanda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasında böyük rol oynayacaq. Bu bəyannamə gələcək nəsillər üçün həm siyasi irs, həm də ortaq milli kimliyin təcəssümüdür. Yaşasın Türkiyə - Azərbaycan dostluğu və qardaşlığı!