Yeni dövrdə yeni hədəflərə və yeni istiqamətlərə doğru” adlı dəyirmi masa keçirilmişdir
28.02.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında “Yeni dövrdə yeni hədəflərə və yeni istiqamətlərə doğru” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkilərində əldə olunmuş mütləq qalibiyyət münasibəti ilə təbrik etmişdir. Yerli təşkilatın sədri vurğulamışdır ki, Azərbaycan xalqı Ulu Öndən Heydər Əliyevin hakimiyyətə dəvət olunması ilə başlayan şanlı tarixin, 30 ildə həyata keçirilən siyasətin davam etməsinə və əldə olunan uğurların daha da artmasına səs vermişdir. Vüqar Seyidov xüsusi olaraq qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin son iyimi ildə gərgin əməyi öz töhvələrini vermiş və biz qalib xalq kimi dünya arenasında öz sözümüzü demişik.
14 fevral 2024-cü il tarixdə keçirilən andiçmə mərasimində Prezident cənab İlham Əliyevin elan etdiyi yeni dövrdə yeni hədəflərə və yeni istiqamətlərə toxunan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, yeni dövr başlayır və biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Son illər dövlət başçısının rəhbərliyi altında əldə olunmuş tarixi nailiyyətlər onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Bu yolda bütün görüş iştirakçılarına uğurlar arzulayan yerli təşkilatın sədri hər kəsi milli maraqlar naminə bir yumruq ətrafında birləşməyə çağırdı.
Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup üzvə partiya vəsiqələri təqdim olunmuşdur.