Yaşasın xalqına xidmət edən ağ xalatlı əsgərlərimiz — həkimlərimiz!

Ülkər Quliyeva
30 saylı ambulatoriyanın həkim-pediatrı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini
Ölkəmizin sağlam gələcəyinə xidmət edən insanların adından yazmaq mənim üçün böyük bir qürur, eyni zamanda məsuliyyətdir. Mən — bir gənc pediatr, bir övladın gülüşünü, bir ananın sevincini, bir ailənin ümidini qorumağa çalışan sıravi, amma qətiyyətli bir həkim olaraq hisslərimi, duyğularımı qələmə alıram.
17 iyun — Həkimlərin Peşə Bayramı bizim üçün sadəcə təqvimdə qeyd olunmuş rəsmi tarix deyil. Bu gün hər bir həkimin, hər bir tibb işçisinin əzmkarlığına, fədakarlığına və insan sevgisinə verilən qiymətdir. Biz pediatrlar — uşaqlarla, gələcəyin vətənpərvərləri ilə işləyirik. Onların sağlam böyüməsi, zəkalı və çevik formalaşması bizim əlimizdədir. Unutmayaq: sağlam uşaq – sağlam cəmiyyətin, güclü dövlətin təməlidir.
Tibb sahəsində inkişaf, yalnız tibbi texnika ilə ölçülmür. Ən güclü texnologiya da o zaman mənalı olur ki, onun arxasında vətənini, xalqını sevən, andına sadiq duran həkimlər dursun. Bu gün Azərbaycan səhiyyəsinin modernləşdirilməsi, infrastrukturun yenilənməsi, ailə sağlamlığı, ana-uşaq ölüm göstəricilərinin azalması — dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz — gənc nəsil həkimlər olaraq bu etimadı doğrultmağa hazırıq!
Xüsusilə pandemiya dövründə, Vətən müharibəsində və postmüharibə reabilitasiyası mərhələsində Azərbaycan həkiminin fədakarlığı dünyaya nümayiş olundu. Əsgərlərimizin yanında ilk növbədə həkimlər dayandı. Yaralıya şəfa verən əllər — həm də qələbəyə uzanan əllər idi. Biz həkimlər yalnız şəfa vermədik, həm də dövlətin sabitliyi və gücü naminə çalışdıq.
Mən bu gün öz müəllif yazımda bir daha bəyan etmək istəyirəm: Biz təkcə sağlamlıqla məşğul olmuruq — biz millətin gələcəyinə xidmət edirik. Bu peşə asan deyil. Amma biz seçmişik bu yolu — çünki xalqımıza, dövlətimizə xidmət etməyin məsuliyyətini anlayırıq. Dövlətimiz də bu yolda daim bizim yanımızda olub və olduğuna görə təşəkkürümüzü bildiririk.
Tibbə, insana və gələcəyimizə verdiyiniz dəyərə görə təşəkkür edirik!
Bayramınız mübarək olsun, əziz həkimlər!
Uşaqlar sağlam olsun, Azərbaycan güclü olsun!