YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Həmidov Mixailin doğum günündə ailəsini ziyarət etmişlər
18 dekabr Vətən Müharibəsi şəhidi baş leytenant Həmidov Mixail Hamlet oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Həmidov Mixailin II Fəxri Xiyabanındakı əbədi istirahətgahı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə olan tükənməyən qayğısından bəhs edərək vətən uğrunda şəhid olmuş Mixailin ailəsinə təsəlli vermiş, Vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Həmidov Mixailin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Qeyd edək ki, şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.