YAP Suraxanı rayon təşkilatının gənc fəalına yüksək etimad göstərilib
28.08.2024-cü il tarixdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni seçilmiş sədri Şəbnəm İbrahimlini qəbul etmişdir.
Səmimi mühitdə keçən görüşdə həmçinin, Milli Məclisin deputatı, YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənova, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev iştirak etmişlər. Görüş zamanı yerli təşkilatın sədri yeni vəzifəyə seçilən Şəbnəm İbrahimlinin YAP Suraxanı rayon təşkilatında məhsuldar fəaliyyətinə toxunaraq bildirmişdir ki, o, qarşıya qoyulan bütün tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir.
Eyni zamanda da YAP Suraxanı rayon təşkilatının fəal gənci olan Şəbnəm İbrahimliyə uğurlar arzulayan Vüqar Seyidov xüsusi ilə vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin daşıyıcısı olan gənclər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük uğurlara imza atacaqlar. Vüqar Seyidov dövlət başçısı cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda gənc könüllülərə göstərdikləri qayğıdan bəhs edərək dedi ki, hər bir gənc üçün Ali Dövlət rəhbərliyinin fəaliyyəti etalondur.
Gənclərə göstərdiyi diqqətə və qayğıya görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni seçilmiş sədri, yerli təşkilatın fəal gənci Şəbnəm İbrahimli YAP Suraxanı rayon təşkilatının gənclərin doğma evi olduğunu bildirdi. Suraxanı rayonundan olan gənclərin inkişafını təmin etmək üçün burada hər bir şərait yaradılmışdır. Özünün də YAP Suraxanı rayon təşkilatının yetirməsi olduğunu vurğulayan Şəbnəm İbrahimli Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənməkdən və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yaratdığı könüllər hərəkatının bir parçası olmaqdan qürur duyduğunu ifadə etmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.