YAP Suraxanı rayon təşkilatında inşa müsabiqəsi keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası gününə həsr olunmuş “Heydər Əliyevin Azərbaycançılıq Məfkürəsi və Dövlət Müstəqilliyinin bərpası” adlı inşa müsabiqəsi təşkil olunmuşdur. YAP Suraxanı rayon təşkilatının inzibati binasında təşkil olunmuş inşa müsabiqəsində rayon məktəblərinin şagirdləri iştirak etmişlər.
İnşa müsabiqəsini giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov gənclərə öz tövsiyyələrini verərək bildirmişdir ki, 18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası günü kimi qeyd olunması bugünün reallığıdır. Bizim Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz şanlı tariximizə hörmət və ehtiramla yanaşmalı olduğumuzu vurğulayan təşkilatın rəsmisi şagirdlərə uğurlar arzuladı. Yerli təşkilatın məsul nümayəndəsi Ulu Öndər Heydər Əliyev fenomenini öyrənməyin gənclərin gələcək həyatlarında müvəffəqiyyət qazanmalarına səbəb olacağını bildirdi.