YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
15 oktyabr 2026-cı il tarixində 126 nömrəli körpələr evi-uşaq bağçasında YAP üzvləri ilə növbəti görüş keçirilib. Görüşdə 14, 126, 203, 263 və 353 nömrəli körpələr evi-uşaq bağçalarının YAP üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 126 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Nəzrin Rəhmanova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin çıxışı ölkəmizin gələcək yolunu göstərən çox mühüm və tarixi bir bəyanatdır. Dövlət başçısı Qarabağ zəfərindən sonra yaranan yeni dövrdə qarşıda duran əsas vəzifələri, ölkənin inkişafı və xalqın rifahı üçün atılacaq addımları aydın şəkildə diqqətə çatdırıb. Bu nitq Azərbaycanın daha da güclənməsi, milli həmrəyliyin qorunması və azad olunmuş torpaqlarımızın sürətlə bərpası üçün hər birimizi vahid hədəf ətrafında sıx birləşməyə çağırır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, dövlət başçısının VIII qurultaydakı tarixi çıxışı təkcə partiyanın fəaliyyətini deyil, bütövlükdə dövlətimizin hərbi-siyasi və ideoloji gələcəyini müəyyən edən strateji bir proqramdır. Bu yeni dövrdə ordunun və hərbi potensialın daim gücləndirilməsi xətti rəhbər tutulur, beynəlxalq arenada prinsipial və ləyaqətli xarici siyasət kursu qətiyyətlə davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqların sürətlə bərpası və iqtisadiyyata inteqrasiyası ilə yanaşı, gəncləri yad ideologiyalardan qorumaq üçün milli-mənəvi dəyərlərə əsaslanan, formalizmdən uzaq müasir təbliğat mexanizmlərinin tətbiqi əsas hədəflərdəndir.
Çıxış edənlər yolumuzun müstəqil, suveren və güclü Azərbaycanın işıqlı gələcəyi olduğunu bildirərək, şəhid ailələrinin bu günə qədər olduğu kimi, bundan sonra da Yeni Azərbaycan Partiyasının və onun rəhbəri cənab İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi sıx birləşdiklərini bəyan ediblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.