YAP Suraxanı rayon təşkilatına uzun illər xidmət etmiş partiya veteranları ilə görüş keçirilmişdir
04 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının veteranları ilə görüş keçirilmişdir. Görüşdə uzun illər Suraxanı rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmiş insanlarla yanaşı Birinci Qarabağ Müharibəsi şəhidlərinin valideynləri də iştirak etmişlər. Dəyirmi masa ətrafında keçən görüş YAP-ın yaradıcısı, xalqımızın müdrik lideri Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq bildirmişdir ki, bu görüşün məqsədi bütün mənalı ömrünü doğma partiyaya həsr etmiş insanların, eyni zamanda da şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların dəyərli, əziz olduqlarını hiss etdirməkdir. Vüqar Seyidov bildirmişdir ki, uzun illər dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət göstərən və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə dərin hörmətlə yanaşan YAP Suraxanı rayon təşkilatının veteranları daim təşkilatın çoxminli üzvləri tərəfindən ehtiramla anılır və diqqət mərkəzində saxlanılır. YAP rəsmisi xüsusi qeyd etmişdir ki, yenidən formalaşan, inkişaf edən, təzələnən və hərtərəfli islahatlar kursu keçən doğma partiyamızın uzun və şərəfli həyat yolu keçmiş, ictimai-siyasi sferada xidmətləri olmuş xadimlərin təcrübələrinə ehtiyacı vardır.
Veteranlar, şəhid anaları göstərilən diqqətə və qayğıya görə YAP Suraxanı rayon təşkilatının üzvlərinə, təşkilatın aparatına və sədrinə öz dərin minnətdarlıqlarını bildirmişlər. Hər zaman diqqət, hörmət və ehtiramla əhatə olunduqlarını ifadə edən görüş iştirakçıları mənalı ömürlərini doğma Yeni Azərbaycan Partiyasına, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və cənab Prezident YAP-ın sədri İlham Əliyevin siyasi kursuna həsr etdikləri üçün qürur duyduqlarını demişlər.
Daha sonra ölkədə və dünyada baş verən hadisələr ətrafında partiya veteranları ilə fikir mübadiləsi aparılmışdır. Şanlı Zəfərimiz və onun memarı cənab Ali Baş Komandana minnətdarlıq hissi ifadə olunmuşdur.