YAP Suraxanı rayon təşkilatı partiya fəalları Solmaz Səfərovanı və Etibar Quliyevi təbrik etmişdir

8 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın aparatının əməkdaşları YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş, Solmaz Səfərovanı 65, Etibar Quliyevi isə 55 illik yubileyləri münasibəti ilə təbrik etmişlər.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Solmaz Səfərova və Etibar Quliyev uzun illərdir ki, öz mənalı ömürlərini müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və Yeni Azərbaycan Partiyasının inkişafına həsr etmişlər. Onların ictimai-siyasi həyatdakı fəaliyyətləri təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında rolları və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da xüsusi qeyd etmişdir ki, Solmaz Səfərovanın və Etibar Quliyevin Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özlərindən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. Onlar ləyaqətli, işgüzar, savadlı mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah insan olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının fəalları kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallıqları ilə seçilmişlər. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişlər.
Göstərilən diqqətə və qayğıya görə yubliyarlar YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlıqlarını bildirmişlər. Solmaz Səfərova və Etibar Quliyev bildirmişlər ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmətə davam edəcəklər.