YAP Suraxanı rayon təşkilatında Vətən Müharibəsi qazisi ilə görüş keçirilib

YAP Suraxanı rayon təşkilatında Vətən Müharibəsi qazisi ilə görüş keçirilib

14.02.2022 – ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Vətən Müharibəsi iştirakçısı, qazi Ələkbərov Elnur Səlim oğlu ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilmişdir. Görüş əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qazini salamlayaraq onun və ailəsinin qayğıları ilə maraqlanmışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, Vətən Müharibəsində şəhidlərimizlə yanaşı sağlamlığını vətən uğrunda qurban vermiş qazilərimizin rolu az deyildir. Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, Elnur kimi qəhrəman, igid övladlarımız olmasa idi, biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Vətən Müharibəsi qazisi Elnur Ələkbərov qəbula görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirərək xüsusi qeyd etmişdir ki, Suraxanı rayonununda istər şəhid ailələri, istərsə də qazilərlə səmərəli işin təşkili yüksək səviyyədə həyata keçirilməkdədir. Daha sonra qazi Elnur Ələkbərov öz döyüş yolundan bəhs etmişdir. Ağır və şərəfli günlərdə xalqımızın harayına səs verən qəhrəman qazimiz döyüş vaxtı şəhidlərimizin igidliklərini xüsusi vurğulamışdır. Elnur Ələkbərov ifadə etmişdir ki, yaralı olsa da hər zaman şəhid ailələrinin yanında, onların xidmətlərində olmağa hazırdır. Sonda qazi Elnur Ələkbərov YAP Suraxanı rayon təşkilatının sədrindən onun da YAP sıralarına üzv kimi müraciətinin qəbul olunmasını xahiş etmişdir. Qazinin xahişi yüksək qiymətləndirilərək qəbul olunmuşdur.

Qeyd edək ki, Ələkbərov Elnur Səlim oğlu  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.