YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
21 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir.
Növbəti belə tədbir Əmircan qəsəbəsi, Neftçi küçəsi 18 ünvanında yerləşən 84 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT sədri, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Röya İslamova, Əmircan bələdiyyəsinin sədr müavini, ƏPT sədri, YAP-ın VIII Qurultayının nümayəndəsi Cəmilə Ağayeva, eləcə də Əmircan qəsəbəsi, Neftçi küçəsi 18(84 nömrəli tam orta ümumtəhsil məktəbi) və Əmircan qəsəbəsi, 4-cü Əmircan küçəsi 20 (Əmircan Bələdiyyəsi) ünvanlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri Röya İslamova bildirib ki, dövlət başçısı YAP-ın VIII Qurultayında ölkəmizin artıq yeni dövrə qədəm qoyduğunu bəyan edib. R.İslamova vurğulayıb ki, bu mərhələdə Azərbaycanı hərbi yolla sarsıda bilməyənlərin əsas hədəfi ideoloji sahə, xüsusilə gənclərin şüurudur: "Prezidentin qurultaydakı xəbərdarlıqları və tapşırıqları, kənardan yönəldilən ideoloji təxribatlara qarşı cəmiyyətdə güclü bir müdafiə sisteminin qurulmasına yönəlib".
Əmircan bələdiyyəsinin sədr müavini, YAP-ın VIII Qurultayının nümayəndəsi Cəmilə Ağayeva çıxışında ölkə rəhbərinin qurultaydakı nitqində qloballaşmanın bəzən milli dəyərlərin aşınması və xalqların eyniləşdirilməsi məqsədi güdməsi barədə fikirlərini xatırladıb. Cəmilə Ağayeva qeyd edib ki, dövlət başçısının gənclərin milli ruhda tərbiyəsi ilə bağlı qətiyyətli mövqeyi, Azərbaycanın daxili sabitliyini qorumaq üçün rəqəmsal və mədəni məkanda milli maraqlara söykənən bir sipərin yaradılmasını tələb edir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Ənvər Haqverdiyev vurğulayıb ki, Prezident, YAP-ın Sədri cənab İlham Əliyev bu tapşırıqları məhz partiyanın ali rəhbər orqanında səsləndirməklə YAP üzvlərinin üzərinə böyük məsuliyyət qoyub, eyni zamanda onlara olan etimadını nümayiş etdirib. Bu yanaşma onu göstərir ki, partiya təkcə seçkilərdə qalib gələn siyasi qüvvə deyil, həm də ölkənin ideoloji təhlükəsizliyini qoruyan və cəmiyyəti milli hədəflər ətrafında monolit saxlayan əsas hərəkətverici qüvvədir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.