YAP Suraxanı rayon təşkilatı Milli Məclisin deputatı Vüqar İskəndərovla gənclərin açıq diskussiya formatında görüşünü təşkil etmişdir

YAP Suraxanı rayon təşkilatı Milli Məclisin deputatı  Vüqar İskəndərovla gənclərin açıq diskussiya formatında görüşünü təşkil etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 17 mart 2022-ci il tarixində yerli təşkilatın inzibati binasında “Yeni reallıqlar və bərpa prosesinə gənclərin töhfəsi” adlı açıq diskussiya təşkil etmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, YAP–ın Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov, YAP Gənclər Birliyinin üzvləri Ülviyyə Axundova, Emil Aslanov, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri, gənclər iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Dünəndən bu günə böyük töhfə, bu gündən sabaha yeni səhifə” adlı video-çarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq ölkə başçısı, YAP–ın sədri cənab İlham Əliyevin gənclərlə sonuncu görüşünə toxunaraq qeyd etmişdir ki, bu görüş yeni nəsilin qarşısında yeni hədəflərin qoyulması ilə də yadda qalmışdır. Daim inkişaf edən və dünyanın müasir çağırışlarına cavab verən Azərbaycan gəncliyi də ölkəmizlə birgə tərəqqi yolunu keçmişdir. Sözsüz ki, yeni reallıqların fövqündə yeni hədəflərin meydana çıxması çox təbiidir. Azərbaycan gəncliyi dövlətimizin qarşısında duran hədəflərin həyata keçirilməsində ciddi pay sahibidir. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır.

Milli Məclisin deputatı, YAP–ın Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov gənclərin yetişdirilməsində milli-mənəvi dəyərlərin əhəmiyyətini qeyd edərək demişdir ki, Azərbaycan xalqının vətən, namus və yurd sevgisi digər bütün xalqlardan əsaslı surətdə və müsbət mənada fərqlənməkdədir. YAP rəsmisi xüsusi vurğulamışdır ki, heç kimə sirr deyil ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil siyasət yeritməyə başlamışdır. Son on səkkiz ildə əldə olunan uğurlarımız isə daha böyük qüvvə ilə müstəqil siyasət həyata keçirməyimizə səbəb olmuşdur. Əlbəttə, qlobal güclər bu amillə nəinki barışırlar, bir çox halda müstəqil dövlətçiliyimizə qarşı açıq təyziqlər etməyə çalışırlar. Çox təəssüflər olsun ki, belə qara qüvvələrin hədəfləri ilk öncə gənclər olur. Gənclik inkişafa ən çox meyil edən yaş təbəqəsidir. Cəmiyyətimizi bu amillərdən qorumaq lazımdır.

Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirələri yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər. Gənclərin təklifləri qeyd olunmuş və onlarla səmimi xarakterli görüşlərin davam etdirilməsi qərara alınmışdır.

Sonda bir qrup gənc YAP üzvünə partiya vəsiqəsi təqdim olunmuşdur.