YAP Azərbaycanda demokratik cəmiyyət quruculuğuna xidmət edən partiyadır
Azərbaycan 1992-ci ildə ağır duruma düşmüşdü. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir. Hərtərəfli iqtisadi islahatlar, o cümlədən, aqrar islahatı, özəlləşdirmə aparıldı, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırıldı, uğurlu iqtisadi siyasət əhalinin rifahını xeyli yüksəltdi, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradıldı. Bir sözlə, xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Biz bu gün Azərbaycanda böyük məsələləri həll edirik. Həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolumuz artmaqdadır. Bizim xarici siyasət konsepsiyamızı da ulu öndər Heydər Əliyev qurmuşdur. Bu konsepsiya bu gün uğurla icra edilir.
YAP Azərbaycanda demokratik cəmiyyət quruculuğuna xidmət edən partiyadır! Doğma partiyamız Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. 2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.