Səriyyə Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 172 nömrəli tam orta məktəbin psixoloqu
Tarix boyu tanrı türkü bir sıra savaşlarla, xəstəliklərlə, təbii fəlakətlərlə sınağa çəkmişdir. Onlardan biri də, 1999-cu il 17 avqustda Türkiyə tarixində yaşanmış olan ən ağır fəlakətlərdən hesab edilən Gölcük (Marmara) zəlzələsi olmuşdur. Gölcük zəlzələsi zamanı 18 mindən çox insan həyatını itirmiş, ölkəyə vurduğu sosial, iqtisadi və psixoloji təsirləri uzun illər boyunca unudulmamışdır. Aradan tam 24 il keçdikdən sonra 2023-cü il fevral ayının 6-da Türkiyənin cənub-şərq bölgəsində mərkəzi Kahramanmaraş şəhərinin Pazarcık əyaləti olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan əyaləti olan 7,6 maqnitudalı iki zəlzələ baş verdi.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar oldu. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edildi. Çoxsaylı insan təlafatı və yaşayış obyektlərinin dağılması ilə nəticələnən fəlakətlə əlaqədar ölkənin 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olundu. İndiyə qədər qeyd olunan məlumatlara görə həlak olanların sayı 30 mini ötüb, 90 mindən çox insan yaralanıb, minlərlə insan hələdə dağıntılar altında qalıb.
Türkiyədə baş verən zəlzələnin ağır nəticələri bütün dünya ölkələrini həmçinin Azərbaycan xalqını çox sarsıtmışdır. Hadisə ilə bağlı zəlzələ qurbanlarına dəstək məqsədilə ilk yardım əlini uzadan Azərbaycan oldu. Zəlzələnin baş verdiyi andan dərhal sonra fevral ayının 6-da ölkə başçısı cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salındı. Zəlzələ bölgəsinə Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti cəlb edildi. Hadisə ilə bağlı genişmiqyaslı yardım kampaniyaları həyata keçirildi. Ölkəmizdə Türkiyə xalqına yardım məqsədi ilə həyata keçirilən ən böyük işlərdən biri də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai birliyinin başlatdığı humanitar kampaniyası idi.
Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün bir nəfər kimi səfərbər olub, yardım kampaniyasına başlamışdır. Burada tək Azərbaycan dövləti deyil, bütün sektorlardan olan siravi insanlar, tələbələr, şagirdlər, yaşlı təqüdçülər maddi və mənəvi dəstəklərin əsirgəməmişdilər. Vətəndaşlarımız hadisə baş verən gündən etibarən gecə saatları boyunca yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı, geyimlər, tibbi dərmanlar, uşaq yeməkləri, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirmişdilər. Sadə vətəndaşlarımız bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bilmişdilər. Yardım kampaniyaları zamanı kiçik yaşlı uşaqlar zəlzələ bölgəsindəki uşaqları sevindirmək və soyuqdan qorumaq məqsədi ilə öz geyimlərini hətta geyimlərinin içinə yerləşdirdikləri şəxsi oyuncaq və şirin şəkərlər göndərməkləri diqqətdən qaçmadı.
Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qardaş ölkə Türkiyədə baş verən zəlzələ ilə bağlı xalqa müraciət edərək, bu çətin dönəmdə qardaş ölkəyə kömək göstərmək və çətinliklərin öhdəsindən üzüağ çıxmaq məqsədi ilə insanları həmrəylik nümayiş etdirməyə çağırdı. Mehriban xanım Əliyeva öz müraciətində qeyd etmişdir: “Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verməyi faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlərdən ibarət yardım təyyarəsinin göndərilməsi ilk təqdirə layiq addımlardan biri idi. Bundan əlavə hadisə yerinə humanitar yardım təyyarələri, FHN-in peşəkar tibbi heyəti 45 nəfərlik tibbi personal, lazımi bütün dərman və preparatlarlar göndərilmişdir.
Bundan başqa, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatının olması ilə əlaqədar Azərbaycan xalqının “Bir millət, iki dövlət” prinsipi ilə çıxış edən rəsmi qurumlar, ictimayyət təmsilçiləri Türkiyəyə dəstəklərini müxtəlif kampaniyalar və platformalar üzərində açıqlamışdılar. Bu kimi dövlət və qeyri-hökümət təşkilatlarının yaratdıqları humanitar platformalar da Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım məqsədi yaşıyır. Onlardan biri də “Qardaş köməyi” platformasıdır ki, burada Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi birləşmişdir.
Bütün bunlar Azərbaycan dövləti və xalqının qardaş ölkəyə birliyini həmrəliyini bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tükiyənin Prezidenti Rəcəb Tayib Ərdoğana başsağlığı məktubundada qardaş Türkiyənin bir çox yerlərində baş vermiş zəlzələ ilə bağlı dərin üzüntüsünü və kədərini qeyd etmiş, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı vermiş və daim bu ağır məqamda Türkiyə xalqının yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir: “Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, Türkiyə ilə Azərbaycan arasında təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”. Cənab Prezidentin bu sözləri, bütün dünya ictimayətinə verdiyi bu mesaj xüsusi diqqət çəkərək Azərbaycan- Türkiyə münasibətlərinin dərinliyini və möhkəmliyini bir daha göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində çıxışında “Sadəcə bugün deyil, sabahda bərabəriz, ölənə qədər bərabər olacağıq” deyə Azərbaycan dövlətinə və xalqına təşəkkür etmişdir.
Biz inanırıq və ümid edirik ki, Türkiyə hərzaman olduğu kimi bu dəfə də təbii fəlakətin ölkəyə və insanlara vurduğu sosial və iqtisadi çətinliklərinin öhdəsindən üzü ağ çıxacaqdır.