Xocalı şəhəri tarixdə ”Şəhid şəhər” kimi anılacaqdır

Xocalı şəhəri tarixdə ”Şəhid şəhər” kimi anılacaqdır
Mürsəl Kazımov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktor müavini
Dünya tarixində bir çox faciələr baş vermişdir. Bu faciələr içərisində daha kədərlisi “Xocalı faciəsi”dir. Xocalıda yalnız insanlar qətlə yetirilmədi, insanlıq qətl edildi. Tarixdə olmayan yalançı ”soyqırımı”nı dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı rus alayının köməyi ilə Xocalıya hücüm edən ermənilər “yazıq” və “miskin”maskalarını ataraq əsl simalarını göstərdilər. Bu siman bütün vəhşiliyin, qəddarlığın fövqündə duran “ermənilik”dir.
Xocalı küçmiş Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi.
Xocalı soyqırımı zamanı erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açmaq, onu dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Ölümündən sonra Azərbaycannın Milli Qəhrəmanı adına layiq görülən Ç.Mustafayev o zaman Azərbaycan televiziyasının müxbiri idi. Hadisə yerinə ilk gedənlərdən biri olan Çingiz deyirdi ki, fevralın 28-də hərbi vertolyotla faciə yerinə gəldik. Hələ havada ikən meyitlərlə dolu böyük bir meydan gördük. Yerə enəndən sonra bizimlə gələn polis işçiləri meyitləri vertolyota yığmalı idilər. Polis işçilərindən ikisi bu qədər adamın öldürüldüyünü və meyitlərin eybəcər hala salındığını görəndə dəhşətdən huşunu itirdi. Körpələr, uşaqlar, qadın və qocalar qəddarcasına qətlə yetirilmişdir.
Həmin gün 613 nəfər azərbaycanlı qətlə yetirildi. Onlar yalnız azərbaycanlı olduqları üçün erməni faşistləri tərəfindən qətlə yetirildilər. 1275 nəfər Xocalı sakini  girov götürüldü. Bu cinayət, əslində, yalnız erməni cəlladlarının adına yazıla bilməz. Cinayəti görmək istəməyən, insan haqlarını şüar etmiş böyük dövlətlər də bu vəhşiliyə şərikdirlər. Çünki insanlıq aləmində ədalət məhkəməsi ilə yanaşı, vicdan məhkəməsi də vardır. Nə qədər ki, böyük dövlətlər bu cinayətə göz yumacaq, bu onların vicdanına yazılacaq. Gözlərin kor olması insanın duyğularını, mənəviyyatını öldürmür. Vicdanın kor olması isə insanı mənəvi cəhətdən şikəst edir, insanlıq duyğularını öldürür. Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisəsinin təşkilatçıları və iştirakçıları olan-Ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir.
Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisəsinin təşkilatçıları və iştirakçıları olan - Ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir. Bu etiraf qarşısında dünya birliyinin susması təəccüb və təəssüf doğurur. Holokost soyqırımına bənzəyən Xocalı faciəsi. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb,150 nəfər haqqında isə bir məlumat yoxdur. Yəhudi xalqının başına gətirilən dəhşətli faciəyə ölkəmizdə həssaslıqla yanaşılır, Holokost qurbanlarının xatirəsini hər zaman həssaslıqla anırıq.
Prezident Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirisinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının yaddaşında və dünya tarixində kədər, matəm rəmzi olaraq qalacaqdır. Tarixdə ”Şəhid şəhər” kimi anılacaqdır.
Bakının mərkəzində - Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır. Bu abidə xalqımızın müqəddəs and yerlərindən biri hesab olunur. Biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacağıq. Tarix bu vəhşiliyi bağışlamayacaq.
Xocalı hadisəsi tariximizdə yalnız faciə və soyqırımı olaraq yazılmamışdır. Xocalı həm də qəhrəmanlıq salnaməsidir. Xocalının azsaylı müdafiəçiləri düşmənin təpədən-dırnağa qədər silahlanmış qoşununa qəhrəmancasına müqavimət göstərmişdi. Xocalı hava limanını müdafiə edən dəstənin komandiri Əlif Hacıyev və Milli Ordunun komandiri Tofiq Hüseynov Xocalı uğrunda döyüşlərdə şəhid olmuşlar. Onlar Azərbaycanın Milli Qəhrəmanlarıdırlar.