Xocalı soyqırımının 30 illiyi ilə bağlı Suraxanı rayonu 281 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmişdir

Xocalı soyqırımının 30 illiyi ilə bağlı Suraxanı rayonu 281 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmişdir

23.02.2022 – ci il tarixində Xocalı soyqırımının 30 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonu 281 nömrəli tam orta məktəbdə anım mərasimi keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və 281 nömrəli məktəbin müəllim-şagird kollektivi iştirak edirdi. Öncə məktəbin foyesində şagirdlər tərəfindən yaradılmış Xocalı soyqırımına həsr olunmuş sərgiyə qonaqlar tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev bildirdi ki, Xocalı soyqırımı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biridir. 30 illik qanayan milli yaramız olan Xocalını gənclər və yeniyetmələr arasında təbliğ etmək vətəndaşlıq borcudur.

Daha sonra məktəbin müəllim-şagird kollektivinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii gecə təqdim olunmuşdur. Soyuq fevral gecəsi Xocalıda xalqımızın başına gətirilmiş misli görülməmiş müsibətlər şagirdlərin təqdimatında nümayiş etdirilmişdir.

YAP Suraxanı rayon təşkilatının Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Xocalını nə Azərbaycan, nə də dünya tarixi Xocalını heç vaxt unutmayacaq! Bu qanla yazılmış faktları bizlər özümüdən sonrakı nəsillərə ötürməli və gənc nəsillərin vətənpərvər ruhda yetişməsinə töhvələr verməliyik. Yerli təşkilatın sədri onu da xüsusi vurğulamışdır ki, təhsil ocaqlarında ədəbi-bədii, kütləvi tədbirlərin keçirilməsi həm gənclərimizi inkişaf etdirir, həm də onlarda vətənpərvərlik hissini artırır.