Xocalı faciəsi xalqımızı sındıra bilmədi, əksinə, daha da gücləndirdi

Xocalı faciəsi xalqımızı sındıra bilmədi, əksinə, daha da gücləndirdi

Gülşən Hüseynova

Suraxanı rayonu 330 saylı baxçanın müdiri

YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədri

Müasir tariximizin ən dəhşətli faciələrindən biri Xocalı soyqırımıdır.  1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı kəsildi. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı. Xocalını işğal etməklə Ermənistan Qarabağ regionunun digər şəhərlərini işğal etmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü. 1992-ci ildə Azərbaycan siyasi qeyri-sabitliyin zirvəsini yaşayırdı və Xocalı soyqırımının müəllifləri və icraçılarına görə mülki şəxslərin kütləvi qırğını daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı, Ermənistana strateji üstünlük və Qarabağın qalan şəhərlərini işğal etmək üçün geniş imkanlar verirdi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya atəşlərindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri işğal etmək üçün hərəkətə keçdilər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.

 

Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi həyatlarını xilas etmək üçün dağlardan keçməyə çalışdılar, lakin şaxtalı havada donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali sağ-salamat Ağdam şəhərinə çata bildi. 28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların kütləvi qətlə yetirildiyi ərazilərə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və baş dəriləri soyularaq götürülmüşdür.

Əhalinin qətlə yetirildiyi məkana səfər edənlər arasında olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında 2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa cəhdin əlaməti yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər. Bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər. Orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi.

Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Bunlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi olmuş bəşəriyyət tarixindəki ən dəhşətli cinayətlərdən birinin faktları və sübutlarıdır. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalı faciəsi xalqımızı sındıra bilmədi, əksinə, daha da gücləndirdi. Torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq arzusunu qıra bilmədi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.