XI Qlobal Forumu bir daha sübut etdi ki, Azərbaycan regionda sülhü və əməkdaşlığı tərənnüm edir
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi.Forumda Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.”
Ölkə başçısı İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə bağlı bildirdi ki, “Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.” Forumda münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi isə Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi olduğu qeyd olundu. Sonra Prezident İlham Əliyev çıxışında söylədi ki, “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq.
Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Məhz buna görə son 3-4 il ərzində Azərbaycanda baş verənlərin təkcə lokal xarakter daşıyan bir məsələ olmadığını deyirəm. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Lakin ən başlıca məsələ, əlbəttə ki, bu, beynəlxalq hüququn alilik prinsipinin tətbiq olunması ilə baş tutmalıdır. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Bütün bunlar hamımıza yaxşı məlum olan tarixi faktlardır. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.”
XI Qlobal Bakı Forumunda Prezident İlham Əliyev çıxışında 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, ancaq Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibətinin tamamilə qeyri-adekvat olduğunu və Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktının baş verdiyini diqqətə çatdırdı. Daha sonra Forumda COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi, ötən ilin oktyabrında ölkəmizdə Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını edildiyi bildirildi.
Sonda qeyd edim ki, XI Qlobal Forumu bir daha Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı – 44 günlük Vətən müharibəsinin Qalib sərkərdəsi, Böyük strateq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf yolunda olmasını bütün dünyaya sübut etdi.