Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Son illər Azərbaycanın regionda aparıcı faktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq müasir dünyanın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib: "Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir". Forumun gedişində təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınmış, qarşıda duran çağırışların həlli yolları müzakirə olunmuş, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulmuşdur.
Qeyd etmək istəyirəm ki, martın 16-nadək davam edəcək forumda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.