Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü – Qələbənin və Birliyin Rəmzi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü – Qələbənin və Birliyin Rəmzi

Sevinc Hacızadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru 

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-də bu əlamətdar gün xalqımız tərəfindən böyük fəxrlə yad edilir. Bu günün təsis olunması 30 illik işğalın, minlərlə azərbaycanlı igidin qəhrəmanlığı və qanı hesabına mümkün olmuş, erməni terrorçu dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltdı. Prezident həmin tarixi gündə çıxışında bildirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu günü biz 30 ildən çox gözləmişdik, amma hər birimiz inanırdıq ki, bu gün gələcək.”

Ən mühümü odur ki, artıq bu bölgələrdə həyat yenidən canlanır. Qarabağ Universitetinin yaradılması, təhsil və elm mərkəzlərinin fəaliyyətə başlaması gələcək nəsillərə verilən strateji mesajdır: Qarabağ Azərbaycanın elm, mədəniyyət və inkişaf mərkəzlərindən birinə çevriləcək. Ağdərədə, Xocalıda, Xocavənddə və Xankəndidə aparılan bərpa-quruculuq işləri həm iqtisadi, həm də sosial baxımdan yeni reallığın təcəssümüdür.

Qarabağ uzun illər boyu çətin sınaqlardan keçsə də, bu gün biz həmin torpaqlarda azad, güclü və suveren bir dövlətin övladları kimi yaşayırıq. Ən böyük fəxrimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qəhrəmanlığı sayəsində xalqımız öz doğma yurdunda başı uca və qürurlu şəkildə ayaqdadır. Bu gün biz bütün şəhidlərimizi, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlığı uğrunda mübarizə aparan igidlərimizi dərin ehtiramla yad edirik.

Bu gün həm də bu şəhərlərin gələcəyinə olan inamımızın, xalqımızın birlik və bərabərliyinin təntənəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə bu bölgələrə səfərləri, təməlqoyma mərasimlərində iştirakı, genişmiqyaslı quruculuq və bərpa işlərinə rəhbərlik etməsi Qarabağın dirçəlişinin aydın sübutudur. Onlar hər dəfə Qarabağa səfərlərində yeni sosial, mədəni və infrastruktur layihələrinin açılışını həyata keçirir, vətəndaşlarla səmimi görüşərək onların qayğı və arzularına həssaslıqla yanaşırlar.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri yalnız ərazi bütövlüyünün bərpasını deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, xalq birliyinin və suverenliyinin möhkəm təcəssümünü ifadə edir. Hər bir şəhər Azərbaycanın suverenliyinin simvoluna çevrilmiş, Azərbaycan Bayrağı əzəmətlə dalğalanır.

Xalqımız bu müqəddəs günlərdə tarixi nailiyyətləri, qəhrəmanlıq salnaməsini və dövlətin qüdrətini yad edir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman Ordumuzun və xalqımızın birliyi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və milli qürurunu əbədiləşdirmişdir.

Bu əlamətdar günlər, Azərbaycan xalqının tarixində işıqlı səhifə, həmrəylik və müstəqillik nümunəsi olaraq gələcək nəsillərə ötürüləcək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın suveren dövlətinin simvolu kimi əbədiləşdiriləcəkdir.