Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Xəyalə Mahmudova
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Prezident İlham Əliyevin Mərkəzi Asiyaya ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Mühüm beynəlxalq tədbirlərə və qlobal toplantılara Prezident İlham Əliyevin xüsusi dəvət olunması da Azərbaycanın artan beynəlxalq nüfuzunun və rolunun əyani göstəricisidir. Bu nüfuza sahib olmaq üçün Azərbaycan möhtəşəm inkişaf yolu keçmiş, etibarlı tərəfdaş olduğunu dönə-dönə sübut etmişdir.
2024-cü il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd edib: “Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Amma bizi türk dövlətləri ilə bağlayan təkcə qarşılıqlı iqtisadi maraqlar deyil. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini bir–birlərinə xalqımızın çoxəsrlik qardaşları münasibətləri də bağlayır. Ortaq mədəni köklər bu gün dövlətimizin arasında əlaqələrin sarsılmaz bünövrəsidir. Biz bu möhtəşəm dostluğun gücünü Vətən müharibəsində hiss etdik. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Dövlətimizin başçısının böyüklüyü ondan ibarətdir ki, o hər sahədə atdığı addımları ilə Şərqlə Qərb arasında kəşişən və toqquşan bütün maraqları sülhə aparan körpülərə və qovşaqlara çevirə bilir. Məhz bu adımların sayəsində Azərbaycan indi Xəzərdə 50-dən artıq gəmisi ilə ən böyük ticarət donanması yaradaraq Avropa ilə Asiya arasında daşımalar üçün olduqca böyük üstünlüklər əldə etmişdir. Bu gün ölkəmizin artan tranzit imkanları həm də bütün türk dövlətlərinin maraqlarına xidmət edir.
Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edir və bunun üçün böyük potensial mövcuddur.