Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayon Yeni Suraxanı bələdiyyəsinin sədri
Azadlıq bəşəriyyətin daim arzusunda olduğu və bu yolda mübarizələr apardığı şirin bir nemətdir. Tarix boyu azadlığı hər şeydən üstün tutan Azərbaycan xalqı zaman-zaman buna nail ola bilib. Bəzən müəyyən səbəblər üzündən suverenliyini itirsə də, özünün mənəvi-psixoloji dəyərlərini qoruyub saxlayıb.
Xalqımız tarixən dünya mədəniyyətinə layiqli töhfələr verib. Bu barədə danışarkən ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Çoxminillik tarixində dəfələrlə öz milli dövlətini yaratmış, lakin sonradan müxtəlif səbəblər üzündən bundan məhrum olmuşdur. Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahilər yetirmiş və onlar azadlıq hissləri ilə yaşayıb yaratmışlar. Sonrakı dövrlərdə Azərbaycan çar Rusiyasının tərkibində, onun əsarəti altında olarkən azadlıq ideyaları ilə yaşayan ölkənin təfəkkür sahibləri, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmuşdur. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərin yaradıcılığında milli azadlıq hissləri öz əksini tapmışdır. Siyasi rejimdə, əsarət altında yaşamasından asılı olmayaraq xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır".
Ulu öndərimizin tariximizə verdiyi bu qiymət onu deməyə əsas verir ki, millətin mənəviyyatından süzülüb gələn dəyərlər onun siyasi dünyagörüşünün kamilliyinin kökündə dayanır. 20-ci yüzillikdə xalqımız iki dəfə müstəqilliyini əldə edə bilib. 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti, onun qısa vaxt ərzində gördüyü böyük işlər siyasi baxımdan tariximizdə əhəmiyyətli yer tutur. Lakin həmin dövrdə istiqlalımızı qoruyub saxlamaq mümkün olmadı. Rus İmperiyasını əvəz edən bolşevik hökuməti Azərbaycanın müstəqilliyinə son qoydu. Ötən əsrin sonlarında ikinci dəfə əldə etdiyimiz suverenliyi də itirmək təhlükəsi ilə üzləşdik. Yalnız xalqımızın böyük və müdrik oğlu, dünyaşöhrətli şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində müstəqilliyimizi qoruyub saxlaya bildik. Odur ki, bu gün müstəqil dövlətin azad vətəndaşları olduğumuz üçün böyük öndərimizə minnətdarıq.
1988-ci ildə erməni daşnakları "Böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərkən də ölkəmizi siyasi-iqtisadi böhran bürümüşdü. Paytaxt Bakıda vəziyyət olduqca acınacaqlı idi. Ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Çətinliklə əldə etdiyimiz müstəqilliyi bu dəfə də itirmək təhlükəsi ilə üzləşmişdik. Bir-birini tez-tez əvəz edən rəhbər dəyişikliyi xalqı çaş-baş qoymuşdu. 1993-cü il iyunun əvvəllərində Gəncə hadisələri törədildi. Qardaş qanı axıdıldı. Hadisələrin dəhşətli məcraya yönəldiyini görən xalqımız çıxış yolunu öz böyük və müdrik oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya gətirməkdə gördü. Məhz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqımızı bütün bəlalardan hifz edib qorudu.
"Mən bura vəzifə üçün gəlməmişəm. Mən bu böyük yükü ona görə çiynimə götürmüşəm ki, xalqımın həyatının ən çətin dövründə ona xidmət göstərim" - söyləyən Heydər Əliyev sözün əsl mənasında Azərbaycanı mövcud olan çətinliklərdən, düçar olacağı məhrumiyyətlərdən xilas etməyi bacardı. Bu xilas yolu ilkin olaraq 1969-cu ilin 14 iyulundan başlamışdı. Həmin tarix Heydər Əliyev dühasının Azərbaycan xalqına bir töhfəsidir.
Qərbin görkəmli politoloqlarının fikrincə, əsl liderin beynəlxalq imici onun ölkə daxilindəki statusuyla həmahənglik təşkil etməli, bir-birini tamamlamalıdır. Etiraf edək ki, ölkə Prezidenti İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq aspektləri bu baxımdan, son illər müzakirə edilən ən populyar mövzular sırasındadır.
Dünyada çox az lider var ki, həm xarici, həm də daxili siyasətin paralel müstəvilərində öz uğurlarını təmin edə bilir. Liderin beynəlxalq imicinin hansı səviyyədə olması ilk növbədə onun öz ölkəsinin milli maraqlarını reallaşdırması imkanlarında öz təsdiqini tapır. Əgər İlham Əliyevin siyasi lider kimi nüfuzuna bu aspektdən yanaşsaq, həmin nəzəri müddəaların doğruluğunu tamamilə sübuta yetirə bilərik. Çünki istər neft strategiyası ilə bağlı, istərsə də Avropa Şürası və dünyada aparılan siyasət Azərbaycanın milli maraqlarını təmin etməklə bərabər, İlham Əliyevin liderlik keyfiyyətlərinin həm rasional, həm də xarizmatik tərəfləri barədə real təsvirlər yaradıb. Bu, konkret olaraq təsdiqləyir ki, o, ölkənin xarici siyasət prioritetləri ilə bağlı bir sıra strateji problemlərin həllində ciddi faktor kimi çıxış edir.
Estafet bu gün dahi öndərimizin mənəvi və siyasi varisi, Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu, bəlkə xalqımızın xoşbəxtliyidir ki, dövlətçiliyimizin sükanı ümummilli liderimizdən sonra bir də naşı və səriştəsiz əllərə düşmədi. Bu gün böyük öndərimizin arzuladığı və görmək istədiyi Azərbaycan tərəqqi edərək qüdrətlənir.
Cənab İlham Əliyev nəinki siyasi opponentlərinə, həm də bütün dünyaya göstərdi ki, o, yüksək intellektual səviyyəyə malik, zəngin əsil-nəcabəti olan, gənc, istedadlı və perspektivli siyasətçidir. O, həm də millətsevərlik, demokratik və qətiyyətlilik keyfiyyətlərinə görə uğur şansı yüksək olan bir siyasətçidir, heç bir imic reklamı aparmadan, özünü ictimaiyyətə yalnız gördüyü işlərlə, konkret sahələrdəki fəaliyyəti ilə təqdim edir.
Ölkəmizin sivil formada dövlətlərarası münasibətlərə qoşulması, tarixi əlaqələri bərpa etməklə yanaşı, çoxşaxəli yeni münasibətlərin yaradılması, əvvəllər ortaya çıxmış ziddiyyətlərin aradan qaldırılması kimi çətin vəzifələrin öhdəsindən cənab İlham Əliyev çox uğurla gəlir. Azərbaycanın müstəqilliyi, onun demokratik inkişaf xətti dönməz bir istiqamətə, əbədi bir zamana dəyişdirilib.
İndi Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu işləri bilavasitə möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir, ölkəmizin demokratik imicinin formalaşması da indi onun adı ilə bağlıdır. Tarixdə tək-tək şəxsiyyətlərə qismət olur ki, xalqın etimadını bu dərəcədə qazana bilsin, adı öz xalqının adı ilə qoşa çəkilsin, həyatı, əməlləri ölkənin həyatı ilə bu qədər bağlı olsun, vəhdət təşkil etsin. Azərbaycan xalqı fəxr edir ki, onun belə alicənab, qüdrətli şəxsiyyəti, böyük rəhbəri və əvəzolunmaz lideri var.
Prezidentimizin sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edildi. Fikrimcə təkcə 2023-cü il deyil, yaşadıgımız illəri Heydər Əliyev ili adlandıra bilərik. Çünki, Azərbaycan xalqı Ulu öndərin ideyaları ilə xoşbəxt yaşamağa nail olub. Çox sevindiricidir ki, biz bu gün qalib ölkədə alnıaçıq, fəxrlə yaşayırıq. Heydər Əliyevin ideyalarını onun layiqli yetirməsi, ölkə başçısı, şanlı Ordumuzun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev həyata keçirir. Bu, bizə daha həvəslə və inamla böyük işlər görmək üçün əsas verir.