Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mütərəqqi dövlətçiliyin əsası qoyuldu.  Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu Öndər Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. 12 dekabr Azərbaycan böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla və minnətdarlıq hissi ilə yad edir. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması regionun vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Sovetin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu, milli dövlətçilik ənənələri bərpa edildi.

Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik, əmin-amanlıq və inkişaf dövrü kimi səciyyələnir. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi.

10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyə qeyd etmişdi. Məhz belə də oldu, Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən qısa müddət sonra güclü ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında yeni imkanlar və inkişaf dövrü formalaşdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm dövlətin ərazisində yaşayan şəxsləri həm də, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.

Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. Dövlətimizin tərəqqisində, xalqımızın rihafının təminatında və ölkəmizin yüksəlişində Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri, fədakar əməyi və zəngin dövlətçilik təcrübəsi dayanır. Onun bizə miras saxladığı bəşəri dəyərlər daim ölkəmizi irəliyə aparacaq və parlaq gələcəyimizi təmin edəcək. Hər birimiz Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir və ruhu qarşısında baş əyirik.