Xalq Novruz adət-ənənəsini ildən-ilə, əsr-əsrə ötürüb yaşadır
Ayaz Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Odlar yurdu Azərbaycanın dostluq, həmrəylik, bol ruzi və bərəkətli Novruz bayramı bütün Şərqdə qeyd olunsa da, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Qədimliyinə görə islamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESCO tərəfindən Qeyri-Maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Uzaqgörən siyasətilə adını tarixə qızıl hərflərlə yazan Ulu öndər Heydər Əliyevin vəsiyyəti gerçəkləşdi. O, demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o bir il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Otuz il düşmən tapdağı ilə gülləri, çiçəkləri boynubükük bitən, bülbülləri susan Qarabağımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında basılmaz Azərbaycan ordusu tərəfindən işğaldan azad oldu. Mənfur düşmən basıldı. Qarabağ qucağını öz doğmalarına açdı. Qarabağın baş tacı olan Şuşamızda üçrəngli bayrağımız dalğalandı. “Xudayar” təsnifi ilə gedən döyüşlər “Bayatı Şiraz” sədası ilə dağlarda, daşlarda əks - səda verdi. Günəşi qoğal, Ayı şəkərbura, Yer kürəsinin dörd istiqamətini paxlava, həyat və davamiyyəti simvolizə edən rənglənmiş yumurtalar bütün süfrələrin bəzəyinə çevrildi.
Bu il Novruz Azərbaycana daha möhtəşəm gəlir. Torpaqlarımızın bütövlüyü naminə ayağa qalxan xalqımızın əhvali-ruhiyyəsi qələbə çalmış müstəqil Dövlətimizin gələcəyinə gedən yolda abadlaşan diyarımızın, kəndlərimizin, obalarımızın sevincindən xəbər verir. Ulu Öndərimizin illər öncə böyük inamla dediyi sözlər reallığı özündə əks etdirir. Şəhidlərimizin qanı bahasına, igidlərimizin şücaəti, analarımızın duası ilə Novruz çal-çağırı kütləvi bayramı ilə elimizə qədəm basır. Xalq öz adət-ənənəsini ildən-ilə, əsr-əsrə ötürüb yaşadır. Dörd bayram çərşənbəsi Su, Od, Yel və Torpaq çərşənbələrini adlayıb, xalqı birləşdirən Novruz bayramı təbiət harayıdır. O haray ki, dünyaya yeni həyat, yeni nəfəs, yeni ümidlər gətirir.