Naxçıvanda çıxışında Prezident İlham Əliyev Naxçıvanın iqtisadi potensialına diqqəti çəkmişdir
Şəlalə Əsgərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Regionda proseslərin yüksək dinamika ilə inkişaf etdiyi bu dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Naxçıvanda Prezident İlham Əliyevlə görüşü önəmli bir tarixi dövrə təsadüf edir. Ölkə naşçıları Naxçıvandan dünyaya qardaşlıq, dostluq, müttəfiqlik mesajları verməklə regionda sülh və inkişafın daimi olması üçün möhkəm addımlar atırlar.
Prezidentlər arasında keçirilən görüş Qarabağda baş verən uğurlu proseslər fonunda Naxçıvanın geosiyasi önəmini bir daha vurğulayır. Naxçıvan Şərqin qapısıdır. Azərbaycan Respublikasının suverenliyinin təmin olunması Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzur dəhlizinin açılmasını zəruri edir.
Tarixən məlumdur ki, Naxçıvan da Qarabağ və İrəvanla bərabər ermənilərin məkrli planlarında xüsusi yer tutmuşdur. Hələ XIX əsrdə çarizmin müstəmləkəçilik siyasətinin bir hissəsi olan Cənubi Qafqaza ermənilərin kütləvi surətdə köçürülməsi Naxçıvanda əhalinin etirazı və müqaviməti nəticəsində uğurla nəticələnməmişdir. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir.
Dövrün iri kapitalist dövlətləri Naxçıvanı Ermənistana birləşdirmək üçün hər yola əl atmış, general-qubernatorluq yaratmaqla, bitərəf, yaxud neytral zona formalaşdırmaqla,torpaq güzəşt etməklə Ermənistanı sovetləşdirmək yolu tutmuşdular. Ermənilər o dövrdə açıq-aşkar bildirirdilər ki,”Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”.
Naxçıvanın yüksək səviyyəli təminatı və inkişafı bu gün həm Azərbaycan, həm də Türkiyə üçün mühüm məsələlərdəndir. 90-cı illərin əvvəlində təməli qoyulmuş əlaqələr davam edir. Siyasi, iqtisadi əməkdaşlıq dostluq,qardaşlıq səviyyəsinə qalxır. “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir”,- Prezident Rəcəb Tayyib Ərdoğan. Aparılan uğurlu siyasətin ən bariz nümunəsi Dövlət Başçılarının qarşılıqlı səfərləri və bölgənin inkişafı üçün atılan istiqrarlı addımlardır. Naxçıvanda keçirilən görüşdə İlham Əliyev dünyanın ən ali kürsüsü hesab olunan BMT-nin Baş Assambleyasında Azərbaycanın dövlət maraqlarını ifadə edən bəyanatlar verən Rəcəb Tayyib Ərdoğanın bu addımını Türkiyənin növbəti qardaşlıq addımı kimi qiymətləndirmişdir.
Naxçıvanda çıxışında Prezident İlham Əliyev Naxçıvanın iqtisadi potensialına da diqqət çəkmişdir. “Naxçıvanın qazı,nefti olmasa da günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var.Bu planlar gerçəkləşərsə,Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.Çünki burada həm günəş,həm külək,eyni zamanda,su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”, - İlham Əliyev.
15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə əlaqələrini yeni müstəviyə qaldırmışdır. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir.Orta Dəhlizin bir qolu kimi gerçəkləşdiriləcək olan bu layihə region dövlətlərinə xidmət edəcəkdir.
XXI əsr Türk Əsridir. Müzəffər Azərbaycan Ordusu öz rəşadəti, şanlı qalibiyyəti ilə Azərbaycan türkünün gücünü,mərhəməti və yardımı ilə Azərbaycan türkünün ədalətini bütün dünyaya göstərir. Tarix öz ədalətli hökmünü verir. Vaxtilə öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar geri qayıdır. Qarabağın gəlmə əhalisinin isə qarşısında iki seçim var. Ya Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib, yaşayacaqlar, ya da gedəcəklər!