Azərbaycan və Gürcüstanı ortaq tarixi məqamlar birləşdirir

Azərbaycan və Gürcüstanı ortaq tarixi məqamlar birləşdirir

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkim müavini

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.  Azərbaycan və Gürcüstanı ortaq tarixi məqamlar birləşdirir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

İki ölkə arasında münasibətlərdən danışarkən, ilk növbədə qarşılıqlı səfərlərə diqqət yetirmək zəruridir. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb. Xüsusi ilə səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

 

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini daha da artırmışdır. Azərbaycan – Gürcüstanın əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Azərbaycan – Gürcüstan mədəni-humanitar əlaqələri olduqca dərin köklərə malikdir. Bu sahədə əməkdaşlıq tarixən qarşılıqlı zənginləşmə əsasında inkişaf etmiş, müasir dövrdə də genişləndirilərək qorunub saxlanmışdır. Hər iki ölkə mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ölkələr arasındakı münasibətləri şərtləndirən əsas amillər sırasında Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcü mənşəli əhalini göstərmək olar. Müstəqilliyin bərpasından bu yana Azərbaycan dövləti tərəfindən Gürcüstanda yaşayan azərbaycanlıların taleyinə biganə qalınmamış, eyni zamanda vətəndaşları olan gürcü mənşəli əhalinin hərtərəfli təmin olunması, hüquq və azadlıqlarının qorunması üçün lazımi şərait yaradılmışdır.

Azərbaycan-Gürcüstan münasibətlərinə ən gözəl şərhi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vermişdir: “Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir.”