Xalq cənab İlham Əliyevə səs verməklə siyasi sabitliyə, davamlı inkişafa və gələcək tərəqqiyə səs vermişdir
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident Seçkilərində cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın yüksək etimadının göstərici olmaqla yanaşı ölkədə görülmüş işlərə verilmiş qiymət də hesab edilə bilər. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi-dəst xəttinə sadiq qalaraq həyata keçirdiyi düşünülmüş siyasəti ilə Azərbaycan xalqının etimadını dəflərlə doğrultmuşdur. 2003-2018-ci illərə nəzər saldıqda görürük ki, bu dövr ərzində Azərbaycan davamlı olaraq inkişaf etmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, dövlətin gücü-qüdrəti daha da artmışdır. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmiş, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.
2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” – söyləyən cənab İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmişdir. Qısa zaman ərzində gördüyü nəhəng işlərlə cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmişdir.
2003-2018-ci illər ərzində davamlı olaraq ordu quruculuğu həyata keçirilmiş, Azərbaycan Silahlı Qüvvələrinin arsenalı müasir silah-texnika ilə təchiz edilmiş, ordunun peşəkarlıq səviyyəsi artırılmışdır. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi davamlı işlər nəticəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biri olmuşdur.
Cənab İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən Prezidentliyi dövründə Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul edilmiş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə regionların iqtisadi inkişafında mövcud olan kəskin fərq aradan qaldırılmış, regional tarazlıq əldə edilməklə yanaşı onların iqtisadi gücü artırılmış və sosial problemlərin həlli sürətləndirilmişdir. Regionalarda yaşayış məntəqələrinin qazlaşdırılması, kəndlərarası yolların yenidən qurulması, dayanıqlı elektrik enerjisinin təmin edilməsi, ucqar kəndlərə belə internet xətlərinin çəkilməsi kimi mühüm sosial tədbirlər həyata keçirilmişdir. Bir sözlə, qeyd olunan illər ərzində sosial infrastruktur davamlı olaraq inkişaf etdirilmiş, ölkə üzrə 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilmiş və ya təmir edilmiş, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılmışdır.
2003-2018-ci illər ərzində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan bir sıra regional, həmçinin beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrinə imza atmışdır. 2014-cü il sentyabrın 20-də meqa layihə olan “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması isə müstəqil Azərbaycanın tarixində əlamətdar hadisə hesab edilir. Məhz bu illər ərzində Azərbaycan həm qaz, həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Bütün bu layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi gücünü daha da artır ki, burada da məqsəd əhalinin sosial-rifah halını davamlı olaraq yaxşılaşdırmaqdır.
Ümumiyyətlə, 2003-2018-ci illər cənab İlham Əliyevin Prezidentliyi dövründə həyata keçirilmiş kompleks tədbirlər sayəsində ölkədə hər bir sahədə ciddi inkişafa nail olunmuş, xalqımız sabitlik və təhlükəsizlik mühitində yaşamışdır. Məhz bunları nəzərə alan Azərbaycan xalqı 2018-ci il aprel ayının 11-də keçirilən növbədənkənar Prezident Seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs vermiş, yenidən ölkə Prezidenti seçmişdir. Cənab İlham Əliyevə səs verməklə Azərbaycan xalqı siyasi sabitliyə, davamlı inkişafa və ölkənin gələcək tərəqqisinə səs vermişdir.