WUF13 - Müasir inkişaf siyasətimizin və şəhərsalma strategiyamızın beynəlxalq təqdimatı
Azərbaycan növbəti dəfə mühüm və strateji əhəmiyyət daşıyan qlobal platformaya ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda təşkili ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, müasir inkişaf konsepsiyasının və şəhərsalma sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bariz göstəricisidir.
COP29-dan sonra dünyanın ən iri miqyaslı tədbirlərindən biri kimi qiymətləndirilən bu forumun Bakıda keçirilməsi paytaxtımızın qlobal idarəetmə və dayanıqlı urbanizasiya mərkəzləri sırasında mövqeyini daha da gücləndirdiyini təsdiqləyir. Bu mötəbər tədbir, eyni zamanda, Azərbaycanın son illərdə həyata keçirdiyi innovativ layihələrin və inklüziv şəhər mühitinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün əhəmiyyətli bir platforma rolunu oynayır.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müasir şəhərsalma siyasətinin prioritet istiqamətlərini, dayanıqlı inkişaf modelini və gələcəyə hesablanmış strateji hədəflərini əhatə etdi. Dövlət başçısının çıxışında ölkənin zəngin tarixi-mədəni irsinin qorunması, ekoloji təhlükəsizlik məsələləri, müasir urbanizasiya prinsiplərinin tətbiqi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi xüsusi vurğulandı.
Dövlət başçısı çıxışında vurğuladı ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətindən xəbər verir. Bu, Azərbaycanın artıq təkcə enerji və geosiyasi layihələrlə deyil, həm də şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahələrində beynəlxalq dialoq məkanına çevrildiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanın qədim tarixə malik olduğunu qeyd edərək bildirdi ki, xalqımız öz zəngin mədəni irsi ilə qürur duyur. Bu irs yalnız musiqidə və poeziyada deyil, həm də memarlıq nümunələrində yaşayır. Həqiqətən də, Bakı və Azərbaycanın bir çox qədim şəhərləri özünəməxsus memarlıq üslubu ilə seçilir. İçərişəhərin daş yaddaşı, Qədim karvansaralar, tarixi qalalar və milli memarlıq nümunələri Azərbaycanın zəngin keçmişini bu gün də yaşadır.
Azərbaycanın coğrafi mövqeyi də ölkənin inkişaf strategiyasında mühüm rol oynayır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu strateji mövqe bu gün də ölkənin iqtisadi və nəqliyyat layihələrində özünü göstərir. Müasir Bakı həm qədim Şərq ruhunu, həm də müasir Avropa şəhərsalma ənənələrini özündə birləşdirən nadir paytaxtlardan biridir.
Son illər Azərbaycanın müxtəlif bölgələrində şəhərsalmanın sürətlə inkişaf etməsi diqqət çəkən məqamlardandır. Yeni yaşayış kompleksləri, müasir infrastruktur layihələri, ağıllı şəhər və kənd konsepsiyaları ölkənin inkişaf tempini nümayiş etdirir. Təsadüfi deyil ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə xüsusi önəm verdiyini göstərir.