WUF 13- də 182 ölkədən 45 mindən artıq qonaq iştirak edir

WUF 13- də 182 ölkədən 45 mindən artıq qonaq iştirak edir

Qənirə Əlizadə

YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi

Müasir dövrdə şəhərsalma yalnız yeni binaların tikilməsi və yolların salınması ilə məhdudlaşmır. Bu anlayış artıq insanların həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması, tarixi irsin yaşadılması və gələcəyin şəhərlərinin formalaşdırılması kimi mühüm məsələləri özündə birləşdirir.

Dünyada sürətlə artan urbanizasiya prosesi dövlətləri daha planlı və dayanıqlı inkişaf modelləri qurmağa vadar edir. Belə bir dövrdə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin şəhərsalma sahəsində artan rolunu da nümayiş etdirir.

Prezident İlham Əliyevin forumun açılış mərasimində etdiyi çıxış həm Azərbaycanın inkişaf strategiyasını, həm də gələcəyə baxışını əks etdirən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini açıq şəkildə göstərir. Bu qədər geniş iştirakçı tərkibi forumun yalnız memarlıq və şəhərsalma sahəsində deyil, ümumilikdə beynəlxalq əməkdaşlıq baxımından böyük platformaya çevrildiyini sübut edir.

Bu tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Son illərdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və özünü təhlükəsiz, müasir və inkişaf edən ölkə kimi təqdim etməyi bacarıb. Ümumdünya Şəhərsalma Forumu isə xüsusilə əhəmiyyətlidir, çünki burada gələcəyin şəhərləri, ekoloji problemlər, nəqliyyat sistemləri, “yaşıl enerji”, rəqəmsal texnologiyalar və insanların rahat yaşayışı kimi məsələlər müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərin Bakıdakı müzakirələri həm təcrübə mübadiləsinə, həm də yeni əməkdaşlıqlara şərait yaradır.

Forumun ən mühüm cəhətlərindən biri Azərbaycanın öz inkişaf modelini dünya ictimaiyyətinə təqdim etməsidir. Prezident çıxışında vurğuladı ki, xalqımız qədim tarixə malikdir və bu tarix yalnız ədəbiyyatda və musiqidə deyil, memarlıq nümunələrində də yaşayır. Həqiqətən də, Azərbaycanın qədim şəhərləri milli memarlıq ənənələrinin zənginliyini nümayiş etdirir. İçərişəhər, Şəki Xan Sarayı və digər tarixi abidələr xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir. Müasir Bakının simasında isə qədimliklə yeniliyin harmoniyası aydın görünür.