Bu gün Vətən Müharibəsi dövründə Suraxanı Rayonunun ilk şəhidi baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür. Öncə Şəhid baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, qazilər, şəhid ailələri və rayon ictimiayyətinin nümayəndələri onun Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edərək dualar oxumuş, məzarı üzərinə tər güllər qoymuşlar.
Daha sonra Elvin Əlimovun məzun olduğu M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə onun əziz xatirəsinə həsr edilmiş anım tədbirində şagirdlərin təqdimatında Şəhidin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılmış, həyat yoluna həsr edilmiş bədii hissə nümayiş olunmuş, vətənpərvərlik ruhunda şerlər, mahnılar səsləndirilmişdir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır. Ə.Əzizov eyni zamanda xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Şəhidlik zirvəsinə ucalan Əlimov Elvin Nəsrəddin oğlunun hər zaman qürurla anılacağını qeyd etmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov anım mərasimində çıxş edərək demişdir ki, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlu Vətən Müharibəsində Suraxanı rayonun ilk şəhididir. İkinci Qarabağ Müharibəsində Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsində Elvinin tank tağımının böyük əməyi olduğunu vurğulayan təşkilat sədri vurğuladı ki, ön xəttin və düşmənin istehkam qurğularının dağıdılması müharibənin gələcək taleyini elə ilk döyüş əməliyyatlarında müəyyən etmiş oldu. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qəhrəmanlığı yüksək qiymətləndirilmiş baş leytenant Əlimov Elvin dövlətimiz tərəfindən medallarla təltif edilmişdir. Yerli təşkilatın sədri Elvini böyüdüb boya-başa gətirən valideynlərinə və ona təlim-tərbiyə verən müəllim kollektivinə öz minnətdarlığını bildirərək dedi ki, şəhidlərin məzun olduğu məktəblərdə anım tədbirlərinin keçirilməsi həmin şəhidlərin tanıdılması ilə yanaşı, yeniyetmələrin və gənclərin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir edəcəkdir.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirmişdir.
Həmçinin, Şəhidimizin anası, M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi İradə xanım övladı ilə bağlı xatirələrini bölüşərək onunla qürur duyduğunu qeyd etmişdir. Bildirmişdir ki, qarşımızda duran əsas məsələ Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. O, üzünü şagirdlərə tutaraq bildirmişdir ki, Hər şey Vətənin müdafiəsindən başlayır. Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir Azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır.
Tədbirdən sonra Şəhidin ruhuna ehsan süfrəsi açılmışdır.