Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Surxay Noçuyev doğum günündə məzun olduğu təhsil ocağında ehtiramla yad edildi

Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Surxay Noçuyev doğum günündə  məzun olduğu təhsil ocağında ehtiramla yad edildi

17 dekabr 2024 - cü il tarixdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Vətən Müharibəsi Qəhrəmanı Noçuyev Surxay Əbdül oğlunun xatirəsi məzun olduğu Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada hörmətlə anılıb. Anım tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, gimnaziyanın direktoru Xəyalə Veyisova, digər rəsmi şəxslər, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidimizin həyatını özündə əks etdirən video-çarx nümayiş olunub.

Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova qonaqları salamlayaraq şəhid, Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildirib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın sədri vurğulamışdır ki, zaman ötür, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Surxay kimi oğullarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.

Daha sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri həmin təhsil ocağının müəllimi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Könül Suleymanlının təşkilatçılığı ilə hazırlanmış vətənpərvər ruhda qələbəyə aid bədii kompazisiyalarla çıxış etmişlər.

Həmçinin, şəhidimizin atası Əbdül Noçuyev çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürünü ifadə edib.