Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının memarıdır

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının memarıdır

Cəmilə Ağayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu,Əmircan Bələdiyyəsinin sədr müavini

Azərbaycan dövlətçiliyində noyabr ayının özünəməxsus yeri var. Çünki noyabr ayı bizlər üçün dövlət əhəmiyyətli tarixi günlər ayıdır. Belə ki, bu ayda 8 Noyabr Zəfər Gününü, 9 Noyabr Dövlət Bayrağı Gününü və 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Gününü qeyd edirik.

Konstitusiya — dövlətin necə idarə olunmasını və vətəndaşların hansı hüquqlara malik olduğunu müəyyən edən əsas qanundur. Hər bir dövlət öz quruluşunu məhz Konstitusiyası ilə təsbit edir. Konstitusiya dövlətin hüquqi təməli, bütün digər qanunların əsaslandığı ali hüquqi sənəddir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan bu Konstitusiya dövlətin əsas qanunu, cəmiyyətin hüquqi dayağı, insan və vətəndaş hüquq və azadlıqlarının əsas təminatçısıdır.

Bu Konstitusiyanın müəllifi mərhum Ulu Öndər Heydər Əliyevdir. Biz çox xoşbəxt xalqıq ki, Azərbaycan tarixində əvəzolunmaz yer tutan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının memarıdır. Hər il 12 noyabrı Azərbaycan xalqı “Konstitusiya Günü” kimi böyük qürurla qeyd edir. Heydər Əliyevin hələ Sovet dövründə, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasında da mühüm tarixi rolu olmuşdur.

Ulu Öndər Konstitusiyanı yalnız hüquqi sənəd kimi deyil, həm də müstəqil dövlətçiliyin, milli suverenliyin, demokratiyanın və insan hüquqlarının rəmzi kimi görürdü. Bu baxımdan, 12 Noyabr təkcə Konstitusiyanın qəbul edildiyi tarix deyil, həm də müstəqil Azərbaycan dövlətinin hüquqi təməlinin möhkəmləndirildiyi mühüm dönüş nöqtəsidir.

Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində vurğulamışdır: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanunyaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyavi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.

Paylaş