Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün  tarixi xidmətləri danılmazdır, əvəzsizdir

Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün  tarixi xidmətləri danılmazdır, əvəzsizdir

Firəngiz Məlikbəyli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Yaşadığımız 2023-cü il Azərbaycanın və azərbaycanlıların   tarixinə və həyatına  "Heydər Əliyev İli" kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizə Heydər Əliyev təntənəsi yaşadır.  Bu ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq etmiş, tariximizə əvəzsiz, səhifələr dolusu xidmətlər yazmışdır. Elə bu səbəbdən də​ Azərbaycan xalqı Heydər Əliyevi, bu tarixi şəxsiyyətin adi ilə bağlı olan hər anı sonsuz sevgi və hörmətlə qeyd  edir.

Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər yetirsək, tarixi araşdırsaq və tarixin şahidlərini dilləndirsək görərik ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilər. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.

Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağı         bacardı.

Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir sərbəstliyi , söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti  və maddi resursları təmin olundu.

Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı.

Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. Bu həmrəyliyi xalqımız İlham Əliyevin ətrafında sıx birləşərək, dəmir yumruğa çevrilərək Heydər Əliyevdən sonrakı dövrdə də millətinin sədaqəti kimi dünyaya səs saldı.

Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi çoxşaxəli siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri  də Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılması və əbədiyaşar olmasıdır.