Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalqının Milli Qurtuluş Fəlsəfəsi
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Hər bir xalq öz tarixində müxtəlif zamanlarda fərqli siyasi dövrlərdən keçir. Xalqın əzmi, vəziyyəti doğru qiymətləndirməyi, hadisələrə baxışı həmin xalqın sonrakı dövrdə inkişafına birbaşa təsir edən amildir. Mütəffəkkir Ştraus deyir ki, ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. Bu fikirdən belə nəticə çıxarmaq olar ki, digər xalqlar ya assimilyasiyaya uğrayaraq tarix səhifəsindən silinir, ya da müxtəlif etnik qruplar halında məhdud səviyyədə öz milli azlıqlarını yaşadırlar. Azərbaycan xalqı çox müdrik xalqdır. O nə tarix səhifəsindən silinib itən, nə də başqa dövlətlərin, xalqların içərsində məhdud azadlıqlara qane olan bir xalq deyildir. Tarixin bütün mərhələlərində müdrik xalqımız çıxış yolu taparaq öz gələcəyini təmin etməyi bacarmışdır.
İstənilən ictimai-siyasi quruluşda xalqımız ona doğru yol göstərən övladlarını yetişdirmiş və çətin vəziyyətləri fürsətə çevirə bilmişdir. Azərbaycan xalqı böyük xalqdır. Məhşur bir aforizmdə də deyildiyi kimi böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. Xalqımız onu qaranlıqdan işığa aparan yolu, o yolda sarvanını yaxşı tanıyıb, ona güvənib və onun arxasınca getməyi bacarmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və onun qısa fəaliyyətini müasir dövlətçiliyimizin əsası və birinci respublika olaraq qəbul etsək, ondan sonra keçən yetmiş il ərzində xalqımızı dəfələrlə uçurumun tam kənarına gətirmiş, ondan mövcudluğundan vaz keçməyi tələb etmişlər. 106 illik tarixin hər anında, hər dəqiqəsində mübarizə, savaş, dava-dalaş, həyatda qalmaq üçün mücadilə vardır. Cümhuriyyətin vaxtsız, erkən vaxtlarda - cəmi 23 ay sonra süqut etməsində xarici qüvvələrin təsiri ilə yanaşı müstəqil, suveren dövlətçiliyə hazır olmayan bir xalq və yetkin olmayan milli şüurun da böyük təsiri var idi. Öz cəmiyyətimizdə, öz içimizdə belə firqələrə bölünmək, parçalanmaq, kənar qüvvəllərin təsirinə düşmək, əsas verir deyək ki, o zamanlar milli ruh, milli şüur tam formalaşmamışdır. Elə olmasaydı, Xalq Cümhuriyyəti də daha sonra istər qurultuş savaşında, istərsə də Vətən Müharibəsi dövründə olduğu kimi ölüm - qalım mübarizəsi aparar və süquta imza atmazdı. Bu, tarixi həqiqətdir. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti bizim şanlı tariximizdir. Lakin bu tarixin özünün də geniş tədqiqə ehtiyac var ki, həmin səhvlər təkrarlanmasın.
İkinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası hesab olunur. Bəzən xususi ilə də 90-cı illərin əvvəllərində uzun müddət cəmiyyətdə belə bir fikir var idi ki, insanlar sovet hakimiyyəti üçün darıxır və o dövrdə yaşamaq istəyirlər. Hadisələri xronoloji ardıcıllıqla təhlil edərkən görürsən ki, insanlar sovet hakimiyyəti üçün deyil, 1969-1987-ci illər üçün darıxıb, məhz o dövrdə yaşamaq istəyiblər. Çünki Heydər Əliyev istər Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada ali dövlət vəzifələrində işlədiyi zamanlarda xalqımız o zamanın qızıl dövrünü yaşamışdır. Yaxşı bir ifadə vardır ki, dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. Ulu Öndər Sovet dövründə belə xalqını maarifləndirir, onun dilinin ölməməsi üçün çalışır, milli ruhu həmişə oyaq saxlayırdı. Bütün hadisələri təhlil edərkən görürsən ki, müstəqillik ideyasına hər zaman hər kəsdən daha çox məhz Ulu Öndər inanıb və ona doğru addımlayıb.
Və nahəyət, üçüncü respublika - Müstəqil Azərbaycan Respublikası və onun memarı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi xilaskarlıq missiyası bütün xalqımıza məlumdur. Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. 20 yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, torpaqlarımızın işğal təhlükəsi sanki uçurumun kənarında olan bir xalqı oyatdı. Əgər bircə şəxsin də qəlbində milli ruh hələ də yaşayırsa, deməli bu millət üçün ümidimizi kəsməməliyik. Moskvada, Azərbaycanın Daimi Nümayəndəliyində bu müdrik insanı və onun qəlbində yaşayan ümidi də, cəsarəti də hər kəs 21 yanvar 1990-cı ildə gördü. Həyatı bahasına milli oyanışı başlatdı. Başsız qalan bir millətə baş oldu. Yolsuz qalan bir xalqa yoldaş oldu. Xalqın xilası məhz bu sivil üsyandan başladı. Azərbaycan xalqı əslində qaranlıqdan işığa gedən yoluda, bu yola onu kimin aparacağını da yaxşı bilirdi.
Viktor Hüqo bir əsərində yazır ki, öz vətənini ləkələmək onu satmaq deməkdir. 90-cı illərin əvvəlində xalqın həssaslığından və başsızlığından istifadə edib hakimiyyətə gələnlər nəinki vətəni ləkələyirdilər, onlar hətta vətəni satırdılar. O zaman Heydər Əliyev Kommunist partiyasından istefa verib öz vətəninə qayıdanda onu hakimiyyyətdə təmsil olunmağa qoymamaq, hətta ona Bakıda yaşamağa imkan verməmək vətənə xəyanət idi. Torpaqlarımız işğala məruz qalır, qız - gəlinlər əsir düşür, faciələr bir-birini əvəz edirdi. Bakıda isə hakimiyyət, kreslo davası gedirdi. Heydər Əliyevin isə mövqeyi qəti idi. “Mənə vəzifə lazım deyil” deməklə əslində xalqına ismarıc göndərirdi ki, xalqın iradəsi hakimiyyətdə təmsil olunan istənilən şəxsin mövqeyindən güclüdür.
Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Bakıdan tez göylərə çəkilməsi, milli dövlət atributlarına sahib çıxılması, Bakının əvəzinə Naxçıvanın Bakıya tövsiyyələr verməsi artıq Ulu Öndər Heydər Əliyevin paytaxtdan kənarda da olsa, xalqın təkidli tələbi olduğuna işarə idi. Xalq zaman, məkan anlayışı olmadan öz layiqli oğlunu köməyə səsləyirdi.
3 sentyabr 1991-ci ildə xalq ilk dəfə Naxçıvanda təkidli tələb irəli sürərək Heydər Əliyevə Naxçıvan Ali Sovetinin sədri səlahiyyəti verəndə bilirdi ki, o, Bakıya, hakimiyyətə doğru irəliləyəcək. İkinci təkidli tələbi xalq 21 noyabr 1992-ci ildə Naxçıvanda soyuq və qaranlıq zalda Yeni Azərbaycan Partiyasını yaratmaqla irəli sürdü. Daha sonrakı təkidli tələb Heydər Əliyevin Bakıya - hakimiyyətə çağırılması idi. Sonuncu tələb yalnız sadə xalq kütlələrinin deyil, həm də o zamankı siyasi elitanın, hakimiyyətdə təmsil olunanların tələbi idi. Onlar eyni zamanda da öz canlarının dərdinə düşüb Ulu Öndəri çağırdılar.
Lev Tolstoy yazır ki, vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu daha dərin bir hadisədir. Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır. Bəli, o zamankı hakimiyyətdə təmsil olunanların Gəncəyə getməyə çəkindikləri bir vaxtda Ümummilli Liderin xalqına bağlılığını bir daha nümayiş etdirməsi və onun xilasını təşkil etməsi vətənpərvərliyin nə qədər böyük və dərin hadisə olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan xalqı son otuz il ərzində bir çox məsələdə öz mövqeyini, öz yanaşmasını ortaya qoya bilmişdir. Onlardan biri və birincisi xalqımızın milli qurtuluş fəlsəfəsi və konsepsiyasıdır. Burada xalq öz liderinə güvəndi və onun rəhbərliyi altında öncə mövcudluğunu, daha sonra inkişaf edərək ərazi bütövlüyünü təmin etdi.
Alman tarixçisi və filosofu Osfald Şpenqler deyir ki, millətin əsasında ideya dayanır. Son 106 illik tariximizə nəzər yetirəndə görürsən ki, Cümhuriyyətin süqutunda da, Azərbaycanda Sovet hakimiyyətinin 70 il hökm sürməsində də milli ideyanın olmamasının və yaxud da əskik olmasının müstəsna rolu vardır. Eyni taleh müasir Azərbaycan Respublikasını da gözləyirdi. Lakin Ulu Öndərin xilaskarlıq missiyası, Azərbaycançılıq ideyası, məfkurəsi xalqımızın ən dəyərli varlığı olan dövlətimizin dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 15 iyun həm də Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyənnaməsinin də növbəti - 3-cü ildönümüdür. Milli Qurtuluş fəlsəfəsi və milli şüur, milli özünüdərk bizə yalnız müstəqilliyimizi, ərazi bütövlüyümüzü, milli qürurumuzu geri qaytarmadı, eyni zamanda da bizi özümüzə, öz söykökümüzə də geri qaytardı. Bu gün Füzulidə, Ağdamda və digər ərazilərdə Türk dünyasından olan dövlətlərin memarlıq abidələri ilə iz qoyması qurtuluşdan soykökümüzə olan körpünün də izləridir.
Bu gün Milli Qurtuluş fəlsəfəmizin ən böyük töhfəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun həyata keçirdiyi bütöv, tam, suveren Azərbaycan siyasətidir. Bugünkü uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının Milli Qurtuluş Fəlsəfəsi dayanmaqdadır.