Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də məhz onun adı ilə bağlıdır
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi
Tarixə Azərbaycan xalqının Ulu Öndəri kimi daxil olmuş Heydər Əliyev liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı. Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də məhz onun adı ilə bağlıdır. Kimsəyə sirr deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib.
Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi gerçəkliyə,reallığa çevirib. Bu gün, Ulu Öndər Heydər Əliyev aramızda cismən olmasa da, qəlbimizdə yaşamaqda, yaşadılmaqdadır. Bu baxımdan, Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Lideri kimi də tərənnüm olunmaqdadır.
Vətən sevgisi ilk növbədə vətənin rifahı və firavanlığı üçün passiv, sadəcə, hisslərlə deyil, həm də fəal qayğıda ifadə olunursa, bu kontekstdə vətənpərvərliyin müasir dünyanın ictimai-siyasi və mədəni reallığını formalaşdırmağa imkan verən konstruktiv potensialı fundamental əxlaqi fəzilətləri formalaşdırır. Bu əxlaqi fəzilətlər vətən, dövlət, ulu öndər Heydər Əliyev sevgisidir ki, məhz onlar da bütün dünya azərbaycanlılarının qəlbini döyündürən üç başlıca amil, sinəmizi fəxarət hissi ilə dolub-daşırdan meyardır.
15 iyun 1993-cü il Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.
Ölməz şəxsiyyət, əbədiyaşar Lider, güclü Dövlət başçısı Ulu Öndər Heydər Əliyev həmişə güclü, təmkinli, hər şeyə qadir, nikbin və inamlı idi. Heydər Əliyev ona görə güclü idi ki, dövlətçi idi, ona görə dövlətçi idi ki, ədaləti hər şeydən üstün tuturdu. Heydər Əliyev ona görə güclü idi ki, o hər hansı çətin bir məqamda gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq, “haqlı adam güclüdür” düsturunu işə salırdı.
Ümummilli Lider deyirdi ki, Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əlbəttə ki, Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri damarlarından azərbaycanlı qanı axan hər bir insan üçün müqəddəsdir. Bu sözlər hər birimiz üçün bayrağımız qədər əzizdir.