Ulu Öndər Azərbaycan Ordusunda varislik prinsipinə hər zaman sadiq qalmışdır

Ulu Öndər Azərbaycan Ordusunda varislik prinsipinə hər zaman sadiq qalmışdır

Arifə Məhərrəmova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 258 saylı körpələr evi və uşaq bağçasının müdiri

Məlumdur ki, müasir, müstəqil Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami, mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dövlətin müstəqilliyinin qorunmasında ordunun müstəsna rolunu qeyd edən Ulu Öndər öz çıxışlarının birində demişdir: "Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır". Bildiyimiz kimi, keçən əsrin əvvəllərində, 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək, Şərqdə ilk dəfə demokratik dövlət qurdu. Hökumətin qərarı ilə 1918-ci il iyun ayının 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

Ulu Öndər Azərbaycan Ordusunda varislik prinsipinə hər zaman sadiq qalmışdır. O bu məqamı vurğulayaraq demişdir: "XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri, məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir." 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra, Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmaqla, bu günkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu.

Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Sonralar, məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə, bu sahədə də mühüm irəliləyişlər əldə edildi.1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra, Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı.

1999-cu il fevral ayının 20-də isə, Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı. Azərbaycan Ali Hərbi Məktəbinin 2001-ci ildə baş tutmuş birinci buraxılışına həsr olunan mərasimdə etdiyi nitqində Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın." Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq nəticələrindən biri də, bu gün getdikcə artan və qüdrətlənən, gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.