Ümummilli liderin Prezident seçilməsi böyük islahatlar dövrünün və qələbələrin müqəddiməsinə çevrildi

Ümummilli liderin Prezident seçilməsi  böyük islahatlar dövrünün və qələbələrin müqəddiməsinə çevrildi
Vüqar Seyidov
 
Yeni Azərbaycan Partiyası 
Suraxanı rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyev bütün şüurlu ömrü boyu öz xalqına ləyaqətlə xidmət etmişdir. Hətta özünün əlində heç bir real hakimiyyət imkanları olmayanda belə, insanların - on minlərin, yüz minlərin, milyonların qəlbində böyük sevgiyə malik idi. 15 iyun 1993-cü il yorğun, bitkin və çarəsiz qalmış bir xalqın gələcəyi üçün verdiyi xilas olma mübarizəsinin tarixcəsidirsə, 1993-cü il, 3 oktyabr Ulu Öndərin 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, xilaskarlıq missiyasının inkişaf və tərəqqiylə əvəz olunduğu tarixin başlanğıcıdır. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir.
3 oktyabr 1993-cü il Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün bir çox sahədə böyük islahatlar dövrünün və qələbələrin müqəddiməsinə çevrildi. Dövlət quruculuğundan iqtisadi inkişafa, ordu quruculuğundan müdafiə sənayesinin yaradılmasına, təhsildən gənclər siyasətinə, sosial-iqtisadi inkişafdan vətəndaş cəmiyyətində siyasi islahatlara qədər bir çox sahədə yeniliklər məhz onun dövründə həyata keçirildi. Bu gün biz o siyasi islahatların nəticəsində və Ümummilli liderin xalqına verdiyi ən böyük töhvə olan dahi lider cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qalib, müzəffər, rəşadətli və dünyada özü sözünü deyən xalqa çevrilmişik.
Azərbaycanın suverenliyi, davamlı, dayanıqlı inkişafı Heydər Əliyev dühasının ən böyük xəyalı və arzusu idi. Ulu Öndər bu arzularının bir qisminə özü nail olsa da, bir çoxunu ömrü vəfa etmədiyindən ata nəsihəti kimi ən layiqli davamçı cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına ötürməyə məcbur olmuşdu. Xoşbəxt insanlarıq ki, bu nəsihətlərin reallaşdığı bir dövrdə yaşayırıq və Azərbaycanın inkişafının qızıl dövrünə şahidlik edirik.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik və qəlbimizdə yaşadırıq!