Üçrəngli Bayrağımız – Müstəqilliyimizin və Qürurumuzun Əbədi Rəmzidir

Üçrəngli Bayrağımız – Müstəqilliyimizin və Qürurumuzun Əbədi Rəmzidir

Svetlana Hənifəyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri

Hər bir dövlətin tarixində elə rəmzlər olur ki, onlar yalnız müəyyən bir dövrü deyil, bütöv bir xalqın varlığını, mənəviyyatını və azadlıq iradəsini özündə cəmləşdirir. Azərbaycan xalqı üçün belə müqəddəs rəmzlərdən biri və bəlkə də birincisi üçrəngli Dövlət Bayrağımızdır. Bu bayraq sadəcə bir parça deyil – o, xalqımızın azadlıq ruhunun, dövlət müstəqilliyimizin və milli kimliyimizin simvoludur.

Azərbaycan Respublikasında hər il 9 noyabr tarixi böyük ehtiramla Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarix, xalqımızın müstəqillik uğrunda apardığı uzun və çətin mübarizənin, azadlıq ideallarının rəmzidir.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuşdur. O zaman qəbul edilən bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət idi. Mavi rəng türklüyümüzü, qırmızı müasirlik və demokratiyaya doğru addımımızı, yaşıl isə islam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Bu bayraq qısaömürlü olsa da, xalqımızın yaddaşında azadlıq və dövlətçilik simvolu kimi həmişə yaşadı.

Sovet dönəmində bu bayraq qadağan edilsə də, Ümummilli Lider Heydər Əliyev xalqın milli kimliyini qorumaq və azadlıq ideallarını yaşatmaq istiqamətində mühüm tarixi addımlar atdı. 1990-cı ilin noyabrın 17-də, Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı yenidən qaldırıldı. Bu, o dövrün ağır siyasi şəraitində olduqca cəsarətli və uzaqgörən qərar idi. Ulu Öndər bu addımı ilə Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində tarixi dönüş yaratdı. Daha sonra 1991-ci ilin fevralında üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi rəsmiləşdirildi.

Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” Bu sözlər bu gün də hər birazərbaycanlının qəlbində səslənir.

Bayraq bizim kimliyimiz, qürurumuz və birliyimizdir. Ulu Öndər həm də bildirirdi ki, “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.” Bu çağırış, bayrağa yalnız bir rəsmi simvol kimi deyil, xalqın mənəvi dayağı kimi baxmağın təcəssümüdür.

Prezident İlham Əliyev də bayrağımızın mənəvi gücünü xüsusi vurğulayaraq demişdir:
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.”

Doğrudan da, bu bayraq bu gün təkcə Bakıdakı Dövlət Bayrağı Meydanında deyil, həm də azad edilmiş torpaqlarımızda – Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Zəngilanda ucalır. Bu mənzərə xalqımızın tarixi ədalətinin bərpası, qəhrəman Ordumuzun şücaəti və dövlətimizin gücünün təntənəsidir.

Azərbaycan Bayrağı, ölkəmizin hər bir guşəsində, məktəblərdə, dövlət idarələrində, hər bir azərbaycanlının evində və ürəyində dalğalanmalıdır. O, bizim müstəqil dövlətimizin sabitliyini, milli həmrəyliyimizi və “azərbaycançılıq” ideyasını birləşdirən müqəddəs rəmzdir.

Bu gün biz qürurla deyə bilərik ki, üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq. Çünki o, qəhrəman xalqın, güclü dövlətin və əbədi müstəqilliyin simvoludur. Hər bir vətəndaşın borcu bu bayrağa layiq yaşamaq, onu uca tutmaq və gələcək nəsillərə sevgi ilə ötürməkdir.

Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun müstəqil Azərbaycana!